AZ

Ermənilərin 60 faizinin Zəngəzur dəhlizinə qarşı olması xəbəri niyə geniş tirajlanır...


Azər Həsrət: “Zəngəzur dəhlizi açılacaq və Azərbaycanın şərtləri çərçivəsində fəaliyyət göstərəcək”

“Gallup” təşkilatı Ermənistan Respublikası vətəndaşları arasında sorğu keçirib. Sorğunun nəticələrinə görə, respondentlərin təxminən 60%-i Sünik rayonu ərazisindən Azərbaycana nəqliyyat marşrutunun verilməsinin əleyhinədir.

Sorğuda iştirak edənlərin 47,6%-i belə qərarın tamamilə əleyhinə olduğunu, 11,3%-i isə buna kifayət qədər mənfi yanaşdığını bildirib.

Digər tərəfdən, respondentlərin 18,1%-i bu ideyaya kifayət qədər müsbət, 17,4%-i isə tamamilə müsbət cavab verib.

Açıqlanan məlumatdan bəlli olur ki, guya əhalinin 60 faizi Sünik rayonu ərazisindən Azərbaycana nəqliyyat marşrutunun verilməsinin əleyhinədir. Maraqlıdır, ermənilər bunu niyə geniş şəkildə tirajlayır və məlum rəylər doğrudanmı obyektivdir?

Məsələni baki-xeber.com-a şərh edən siyasi şərhçi Azər Həsrət bildirdi ki, ermənilər bu kimi sorğularla nə bizi, nə də tərəfdaşlarımızı çəkindirə bilməz: “Nəzərə almaq lazımdır ki, Sünik adasının əhalisi Ermənistanın ən bədbəxt, ən bərbad gündə yaşayan əhalisidir. Zəngəzur dəhlizi açılacağı təqdirdə onların vəziyyəti xeyli yaxşılaşacaq, bunu da əhali arasında bilməmiş deyillər. Belə olan şəraitdə əhalinin məlum təşəbbüsə böyük səs çoxluğu ilə etiraz etməsi maraqlıdır. Sadəcə olaraq Ermənistan “birdən elə olmaz, belə olar” prinsipi ilə məsələyə yanaşır. Biz bunları başa düşürük. Ona görə Ermənistan özünü yormamalıdır. Zəngəzur dəhlizi gerçəklikdir, bütün dünya bunu qəbul edib. Hətta Amerika lideri Donald Tramp səviyyəsində bu məsələ öz həllini tapıb. Bu səbəbdən də hər hansı bir sorğu ilə özlərinə təskinlik verməsinlər, ya da bizə əzələ nümayiş etdirdiklərini sanmasınlar. Zəngəzur dəhlizi açılacaq və Azərbaycanın şərtləri çərçivəsində fəaliyyət göstərəcək. Bu bir həqiqətdir. Onların keçirdiyi sorğular heç bir məna daşımır”.

Günel CƏLİLOVA

Seçilən
8
baki-xeber.com

1Mənbələr