AZ

Minsk qrupunun ləğvi Azərbaycan tərəfindən danışıqların ilkin mərhələlərində irəli sürülmüş şərtlərdən biri idi

Dövlət başçısı İlham Əliyev onu da bildirir ki, Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur

Dövlət başçısı İlham Əliyevin ABŞ-a işgüzar səfərindən xeyli müddət keçməsinə baxmayaraq, əldə olunan razılaşmalar bu gün də geniş müzakirə olunmaqda davam edir. Həmin razılaşmalardan biri ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasıdır. Daha dəqiq desək, yarandığı gündən missiyasının mahiyyətini dərk etməyən bir qrumun fəaliyyətinə ehtiyacın olmadığını rəsmiləşdirməkdir. Qarabağ münaqişəsinin həllinədək regiona nəticəsiz səfərləri ilə diqqətdə olan Minsk qrupunun həmsədrləri hər zaman çıxış yolunu tərəfləri öz aralarında ümumi razılığa gələ bilməməkdə günahlandırmaqda gördülər. Hər zaman bu sual səsləndirildi ki, əgər tərəflər özləri məsələni çözmək imkanında idilərsə, onda Minsk qrupunun fəaliyyət göstərməyinə nə ehtiyac var idi? Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesinin 30 ilə yaxın müddət uzanmasına səbəb olan amillərdən biri məsələnin beynəlxalq problemə çevrilməsi oldu. Minsk qrupunun həmsədr ölkələrinin hər biri məsələyə öz maraqları baxımından yanaşaraq, ümumi mövqe ortaya qoymadı, ən əsası ədalət və beynəlxalq hüquq prinsiplərini maraqlarının arxasında gizlətdilər. İkili standartlara əsaslanan siyasət bəzi dünya güclərinin fəaliyyətinin əsasına çevrildi. Azərbaycan dövləti ən yüksək tribunalardan ikili standartların yolverilməz olduğunu, ədalətsizliyini bəyan etdi. Cənab İlham Əliyev bu bəyanatı ilə dünyaya çağırış etdi ki, əgər ikili standartlar dünya miqyasında, dünya siyasətində bir meyardırsa, onda onu bəyan etsinlər. Onda riyakarlığa son qoyulsun. Deməsinlər ki, biz demokratiyanın, bərabərliyin tərəfdarıyıq, bütün xalqlar bərabərdir, insan haqlarının tərəfdarıyıq. Bəs 1 milyon Azərbaycan vətəndaşının haqları barədə onlar heç düşünürlərmi? Yox, bu, onları maraqlandırmır! Öz sözümüzü həmişə demişik və deyəcəyik. Elə bil ki, bu normalar kiçik ölkələr üçün yazılıbdır. Böyük ölkələr bunlara məhəl qoymurlar, bu normaları istədikləri kimi yozurlar. Nə vaxt sərf edir ərazi bütövlüyü, nə vaxt sərf edir öz müqəddəratını təyinetmə prinsipi və digər məsələlər də, necə istəyirlər elə də yozurlar. Beynəlxalq hüququ pozan ölkələrə qarşı təzyiq mexanizmi yoxdur. Ancaq kiçik ölkələrə qarşı belə addımlar atılır.

Azərbaycan beş il öncə 44 günlük İkinci Qarabağ müharibəsində ədaləti, beynəlxalq hüququ təkbaşına özü bərpa etdi. 30 ilə yaxın dövrdə əksər dünya güclərinin edə bilmədiklərini ölkəmiz 44 gündə edərək torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan Bayrağının bu torpaqlarda dalğalanması, Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsi, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıtması ədalətin, milli qürurumuzun, kimliyimizin təntənəsidir. Dövlətimizin başçısı tarixi Zəfərimizdən sonra çıxışlarında, müsahibələrində bu məqamları xüsusi qeyd edir ki, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Nə qədər genişmiqyaslı şər, böhtan kampaniyası ilə üzləşdik. Bu, bizim iradəmizə təsir edə bilər? Heç vaxt! Çünki bizim işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın igidliyi, şücaəti hesabına mümkün olmuşdur.

Tarixi Zəfərimizin yaratdığı mühüm reallıqlardan biri Minsk qrupunun fəaliyyətinə son qoyulması idi. Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində də bu məqama diqqət yönəldərək bildirdi ki, Minsk qrupunun ləğvi Azərbaycan tərəfindən danışıqların ilkin mərhələlərində irəli sürülmüş şərtlərdən biri idi. Məntiqimiz bundan ibarət idi ki, Minsk qrupu 1992-ci ildə ATƏM tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. Əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir. Bu, mövqeyimizin əsasında dayanan məntiq idi. Ermənistana anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident Trampın iştirakı ilə baş verdi. Hazırda proses artıq başlayıb və bu, Minsk qrupunun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir.

Qardaş Türkiyə də Minsk qrupunun buraxılması qərarını alqışlayır. Belə ki, Türkiyə XİN-in bununla bağlı verdiyi bəyanatda deyilir ki, ATƏT Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də Minsk qrupu və ona bağlı strukturların ləğvi ilə bağlı qəbul etdiyi qərarı alqışlayırıq. İki ölkənin birgə səyləri nəticəsində mümkün olan bu tarixi qərar Azərbaycan ilə Ermənistan arasında sülh prosesində mühüm mərhələlərdən birini təşkil edir. Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həllini asanlaşdırmaq üçün yaradılıb və Rusiya, ABŞ və Fransanın həmsədr kimi fəaliyyət göstərməsinə baxmayaraq, uzunmüddətli nizamlanma əldə edə bilməyib. Azərbaycan uzun müddətdir ki, Ermənistanla rəsmi sülh razılaşmasına doğru irəliləyiş üçün ilkin şərt kimi qrupun buraxılmasını tələb edirdi.

O da məlumdur ki, qrupun ləğvi ilə bağlı qərar avqustun 8-də ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlardan sonra verildi. Daha sonra hər iki ölkənin xarici işlər nazirləri qrupun ləğvi ilə bağlı ATƏT-ə birgə sorğu təqdim etdilər.

Sözügedən bəyanatda o da qeyd edilir ki, Türkiyə münaqişədə Azərbaycanı daim dəstəkləyib və bu qərarı Cənubi Qafqazda davamlı sülhün yaradılması istiqamətində atılan addım kimi qiymətləndirir.

ATƏT PA-nın Prezidenti Pere Joan Pons də Minsk Prosesinin bağlanması ilə bağlı qərarı alqışlayır. Bildirdir ki, dialoqa əsaslanan bu tarixi addım Cənubi Qafqazda davamlı sülh yolunu möhkəmləndirir. Biz bu prosesi dəstəkləməyə davam edəcəyik. ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Minsk Prosesinin bağlanmasını Prezident İlham Əliyevin növbəti diplomatik uğuru kimi dəyərləndirir. Qeyd edir ki, bu gün bölgədə ədalətin və davamlı sülhün bərqərar olunması yolunda tarixi gündür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası növbəti uğura imza atıb. Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin ABŞ Prezidentinin iştirakı ilə avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin imzaladıqları birgə müraciətə uyğun olaraq, ATƏT-in Nazirlər Şurası ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə sentyabrın 1-dən etibarən xitam verib və Minsk Konfransının çağırılması barədə ATƏM-in 1992-ci il qərarı əsasında qəbul olunmuş bütün əvvəlki qərar və sənədlərini qüvvədən salıb. Nəticədə, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi tamamilə ATƏT-in gündəliyindən çıxarılıb.

Keçmiş münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsi bu qərarla beynəlxalq miqyasda - özü də vaxtilə məhz həmin münaqişəni sülh yolu ilə həll etmək üçün mükəlləf edilmiş bir beynəlxalq qurum tərəfindən təsdiqlənir. Minsk Prosesinin bağlanması, həmçinin beynəlxalq hüquqdan yan keçməyə cəhd edən uğursuz bir diplomatik yanaşmanın sona çatdığını da göstərir. Bu qərar Azərbaycanı və Ermənistanı davamlı sülhə daha da yaxınlaşdırır, eyni zamanda, Avropada təhlükəsizliyə və əməkdaşlığa töhfə verir.

Artıq tarixi Zəfərimizdən sonra əsas hədəf regionda dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılmasıdır. Azərbaycan bununla bağlı Ermənistana sülh təklifi etdi. Avqustun 8-də ABŞ-da əldə edilən sülh razılaşması bu prosesi daha da yaxınlaşdırır. Azərbaycanın qarşı tərəfə irəli sürdüyü iki şərtdən biri Minsk qrupunun ləğvi, digəri isə Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsidir. Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Onlar həmin müddəaya dəyişiklik edəcəklər. Bu dəyişiklikdən sonra sülh sazişinin imzalanması qaçılmazdır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlər 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır.

Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bu reallığı da diqqətə çatdırır ki, Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır. İşğal dövründə çoxsaylı xarici nümayəndələrlə görüşlər əsnasında bu barədə artıq bir neçə dəfə demişəm: «Belə fikirlər eşidirdim ki, reallıqlarla barışmaq lazımdır, Qarabağ artıq əldən gedib, Ermənistanla barışmaq lazımdır, gənc nəsli sülhə hazırlamaq lazımdır. Bu münaqişənin hərbi həlli yoxdur və digər fikirlər səsləndirilirdi. Bəzi hallarda bu fikirləri səsləndirənlər bəlkə də səmimi idilər, bəzi hallarda bizi yolumuzdan döndərmək, bizə bədbinlik duyğuları aşılamaq üçün edirdilər. Həyat və reallıq onu göstərir ki, hər şey bizim əlimizdədir.»

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Zaman keçdikcə hər bir hadisənin mahiyyəti daha dərindən dərk edilir. Bu baxımdan göründüyü kimi, Minsk qrupunun ləğv edilməsinin beynəlxalq səviyyədə dəstəklənməsi də özündə mühüm məqamları birləşdirir. Artıq tarixi Zəfərimiz ədalətin, haqqın kimin tərəfində olduğunu nümayiş etdi. Minsk qrupunun həmsədrləri isə 28 il bu «ideya» ilə fəaliyyət göstərdilər ki, işğalçının adı ilə çağırılması məsələnin həllinə mənfi təsir göstərər. Guya bu, birtərəflilik kimi dəyərləndirilər. İşğalçı adı ilə çağırılmır, amma münaqişənin sülh danışıqları əsasında çözüləcəyinə böyük ümid bəslənilir. Maraqlı yanaşma deyildimi? Minsk qrupunun həmsədrləri heç zaman Ermənistanı özlərindən incik salmaq istəmirdilər. Maraqlar ədaləti, beynəlxalq hüququ üstələdikcə artıq münaqişənin sülh danışıqları əsasında çözüləcəyinə inam qalmırdı. Hər zaman bu reallığı da qeyd edirik ki, Azərbaycan münaqişənin həllində bütün beynəlxalq təşkilatların potensialından səmərəli istifadə etməyə səy göstərirdi. BMT-yə müraciət edib Faktaraşdırıcı Missiyanın yaradılması təşəbbüsü ilə çıxış edəndə Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycanın bu addımını Minsk qrupunun vasitəçiliyindən, sülh danışıqlarından imtina kimi qəbul etdilər. Azərbaycan ən yüksək tribunalardan bəyan etdi ki, bunun Minsk qrupunun vasitəçiliyinə heç bir aidiyyəti yoxdur. Azərbaycanın sözügedən təşəbbüsünə əsasən, BMT-nin deyil, ATƏT-in Faktaraşdırıcı Missiyası yaradıldı. Bu missiya iki dəfə işğal altında olan torpaqlarımızda oldu. Heç birində reallığa uyğun hesabat təqdim etmədi. İşğalçının adı yenə də çəkilmədi. Artıq bu kimi faktların özü Minsk qrupunun fəaliyyətinə çoxdan son qoyulduğunu nümayiş etdirir. Bu proses Vaşinqton razılaşmasından sonra reallığa çevrilir.

Qısa təhlil Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin daim uğurlara yol açdığını təsdiqləyir. Ölkəmiz hədəflərə ardıcıllıqla nail olur.

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
1
ikisahil.az

1Mənbələr