Son günlər ölkədə mədəkiçiltmə əməliyyatları zamanı ölüm və ciddi sağlamlıq problemləri ilə bağlı hallar artıb.
Xüsusilə xanımlar arasında arıq və zərif görünmək arzusu bu əməliyyata marağı artırır. Lakin bəzi hallarda əməliyyatın fəsadları faciəli nəticələrə gətirib çıxır.
Məsələn,"Bakıda mədəkiçiltmə əməliyyatı olunan qız qəfil öldü" ,"“Universal” Hospitalın baş həkimi mədəkiçiltmə əməliyyatından sonra komaya düşüb ","Bakı şəhərində mədəkiçiltmə əməliyyatı keçirən qadın dünyasını dəyişib" kimi xəbərlərin sayı getdikcə artır.
Mədəkiçiltmə əməliyyatlarında ölüm hallarının artmasının səbəbi nədir?
Mövzu ilə bağlı "Cebheinfo.az" -a açıqlama verən tibb üzrə ekspert, həkim-terapevt Rasif Bağırov bildirib ki, əsasən iradəsi zəif insanlar mədəkiçiltmə əməliyyatına müraciət edir:
"Bəzən insanlar öz iradəsi zəif və tənbəl olduqda, düzgün qidalanma və fiziki fəaliyyətlə çəki itirməyi bacarmırlar. Ona görə də mən mədəkiçiltmə əməliyyatını etdirən insanları tənbəl hesab edirəm. Bu əməliyyat mədə üzərində ciddi şəkildə aparılan cərrahi müdaxilələrdən biridir.
Bütün cərrahi əməliyyatlarda ölüm halları baş verə bilər. Həkim xəstənin orqanı üzərində işlədikdə, imvaliya və ya digər tromb emboliyaları meydana gələ bilər. Bəzi cərrahlar da protokol qaydalarına tam əməl etmirlər".
Onun sözlərinə görə, əməliyyat zamanı qan durulaşdırılmasa, ölüm riski yarana bilər:
"Orqanizmin öz avtomatizmi var, əgər bədəndə bir kəsik yaranarsa, qanaxmanın qarşısını almaq üçün orqanizm qanı qatalaşdıran maddələr buraxır. Həkimlər qarın boşluğuna əməliyyat zamanı adətən “prekzan” preparatından istifadə etməlidirlər ki, əvvəldən olan qan durulaşsın. Əks halda, orqanizmin buraxdığı maddələr trombların yaranmasına səbəb ola bilər və qəfləti ölüm halları baş verə bilər. Həkimlər qan durulaşdırıcı preparatı istifadə etmədikdə, əməliyyat zamanı tromblar əmələ gəlir və xəstələrdə ölüm halları müşahidə olunur".
O bildirib ki, mədəkiçiltmə əməliyyatı sadəcə diş çəkdirmək qədər asan deyil:
“İnsanlar düşünmürlər ki, bu ciddi əməliyyatdır mədə açılır, müəyyən hissəsi kəsilərək kiçildilir və ömür boyu genişlənmir. Bu yolla çəki azaldılır. Əslində bu, tənbəl insanların seçdiyi yoldur.
Əməliyyata risk etmək müəyyən hallarda qəbul ediləndir. Məsələn, çəkisi 150 kq və yuxarı olan şəxslər üçün. Amma daha az çəkidə olan insanlar düzgün qidalanma və idman vasitəsilə arıqlaya bilərlər.Bütün əməliyyatlar risklidir və bəzi həkimlər orqanizmin fəaliyyətini nəzərə almadıqda xəstələr ölümlə üzləşirlər".