Portuqaliyanın paytaxtı Lissabonda baş verən dəhşətli funikulyor qəzasında həlak olan 16 nəfərdən 3-ü Böyük Britaniya vətəndaşıdır.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, polisin açıqlamasına görə, ölənlər arasında 5 portuqaliyalı, 3 britaniyalı, 2 cənubi koreyalı, 2 kanadalı, həmçinin Fransa, İsveçrə, Ukrayna və ABŞ-dan bir nəfər var. Qəza nəticəsində 20-dən çox insan yaralanıb.
Baş nazir Luis Monteneqro bu faciəni ölkənin son dövrlərdə yaşadığı ən böyük fəlakətlərdən biri adlandırıb. Hadisə həm də Lissabonun turizm sektoruna ciddi zərbə vurub. Qəzanın baş verdiyi 140 illik “Gloria” funikulyoru şəhərin ən populyar turistik nəqliyyat vasitələrindən biri idi.