AZ

Azərbaycan Afrika qitəsinin iqlim çağırışları ilə bağlı yüksəksəviyyəli iclas keçirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan COP29 Sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə "Afrika qitəsinin iqlim çağırışları: Afrikanın xüsusi vəziyyəti və ehtiyaclarına cavab verilməsi" adlı yüksəksəviyyəli nazirlər iclası baş tutub.
Oxu.Az xəbər verir ki, iqlim danışıqları prosesində Afrika üçün ən həssas mövzulardan biri hesab olunan qitənin xüsusi vəziyyəti və ehtiyacları ilə bağlı tədbir Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 2-ci İqlim Həftəsi çərçivəsində təşkil olunub. Tədbirdə 50-yə yaxın ölkə, eləcə də müxtəlif beynəlxalq təşkilat və fondlardan ümumilikdə 200-dən artıq nümayəndə iştirak edib.
İclasın açılış mərasimində COP29 sədri Muxtar Babayev, COP30-un müəyyən edilmiş sədri Andre Korrea do Laqo, Efiopiyanin planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela, Afrika İttifaqı Komissiyası sədrinin nümayəndəsi səfir Amr Alcovaili və UNFCCC Afrika danışıqçılar qrupunun sədri Riçard Muyunqi çıxış ediblər.
Çıxış zamanı M.Babayev qitə ölkələrinin Afrikada iqlim dəyişmələrindən irəli gələn mövcud çağırışların mənfi təsirlərini azaltmağa qadir olduğuna və bu xüsusda, COP29-da qəbul edilmiş qərarların əhəmiyyətinə vurğu edib. O, COP29 Sədrliyinin bütün tərəflərin, o cümlədən Afrika qitəsinin maraqlarını nəzərə aldığını və bu istiqamətdə fəaliyyətin davam edəcəyini iştirakçıların diqqətinə çatdırıb.
COP30-un müəyyən edilmiş sədri A.Korrea do Laqo Afrikanın çağırışlarını diqqətdə saxladığına görə COP29 Sədrliyinə təşəkkür edərək, bu ənənənin COP30 Sədrliyi tərəfindən davam etdiriləcəyini bildirib.
Efiopiyanin planlaşdırma və inkişaf naziri F.Adela qitənin iqlim dəyişmələri üzrə mübarizədə dəstəyə ehtiyacının olduğunu vurğulayaraq, Azərbaycan tərəfinə həm tədbirin təşkilinə, həm də ümumilikdə Efiopiyada təşkil olunan 2-ci İqlim Həftəsinin uğuruna verdiyi töhfəyə görə təşəkkür edib.
Afrika İttifaqının nümayəndəsi səfir A.Alcovaili və UNFCCC Afrika danışıqçılar qrupunun Tanzaniyadan olan sədri R.Muyunqinin açılış çıxışlarından sonra tədbir iki plenar iclasla davam edib. Afrika ölkələrinin müvafiq nazirləri və yüksəksəviyyəli nümayəndələri qitənin iqlim dəyişmələri kontekstində xüsusi vəziyyətinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında öz əksini tapdığını və iqlim danışıqlarında bu məsələnin nəzərə alınmalı olduğunu vurğulayıblar. Onlar beynəlxalq diqqətin Afrikanın xüsusi vəziyyətinə yönəlməsinə əhəmiyyətli töhfə verən bu tədbirin təşkilinə, habelə yaradılmış imkana görə Azərbaycan COP29 Sədrliyini alqışlayıblar.
Plenar müzakirələrdə dövlətlər, habelə beynəlxalq qurum nümayəndələri və maraqlı tərəflər mövzu ətrafında fikir mübadiləsi apararaq, beynəlxalq səviyyədə fəaliyyətlə yanaşı Afrikanın öncülük edəcəyi həll yollarının əhəmiyyətli olacağına diqqət çəkiblər.
Yüksəksəviyyəli nazirlər iclasına COP29 sədri Muxtar Babayev və COP30-un müəyyən edilmiş sədri Andre Korrea do Laqonun bağlanış nitqi ilə yekun vurulub.
Seçilən
48
oxu.az

1Mənbələr