AZ

"Qlobal Sumud Flotiliyası"ndakı italiyalı fəalların təhlükəsizliyi qorunacaq - Meloni

BAKI, TurkicWorld, Səməd Əyyubov

İtaliyanın Baş naziri Corciya Meloni 44-dən çox ölkənin dəstəyi ilə Fələstinlə həmrəylik məqsədilə yola çıxan “Qlobal Sumud Flotiliyası”na qatılan İtaliya vətəndaşlarının qorunacağını açıqlayıb.

TurkicWorld xəbər verir ki, Baş nazir hökumətin ötən ilin martında başladığı “Qəzza üçün Qida” kampaniyasını xatırladaraq, humanitar yardımların mövcud beynəlxalq şəbəkələr vasitəsilə çatdırılmasının daha məqsədəuyğun olduğunu bildirib.

Meloni bu yanaşmanın iştirakçıların “böhran bölgəsinə səfərin risklərindən qorunması” və dövlət qurumlarının əlavə yüklənməsinin qarşısını alması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. O, təşəbbüsün simvolik və ya siyasi tərəflərinin ola biləcəyini qəbul edərək qeyd edib ki, İtaliya hökuməti hər zaman olduğu kimi, xaricdəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görəcək.

Ölkənin müxtəlif şəhərlərində Fələstinə və “Qlobal Sumud Flotiliyası”na dəstək məqsədilə kütləvi aksiyalar keçirilib. Milanda minlərlə insanın qatıldığı yürüşdə Fələstin bayraqları qaldırılaraq Qəzzaya dəstək mesajları verilib. Pizada etirazçılar aksiyanı dəmir yoluna daşıyaraq qatarların hərəkətini bir müddət dayandırıblar. Baridə küçələrə çıxan nümayişçilər İsrail Konsulluğuna yaxınlaşdıqda təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə qarşılaşıblar. Romada isə Tibr çayı üzərində qayıq turu təşkil edən bir qrup “Hamımız fələstinliyik” və “Hamımız Sumud Flotiliyasıyıq” şüarları səsləndirib.

Qeyd edək ki, “Qlobal Sumud Flotiliyası” 44-dən çox ölkənin dəstəyi ilə Fələstinlə həmrəylik nümayiş etdirmək və İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq məqsədilə avqustun 31-də Aralıq dənizinə yola çıxıb. Flotiliya çərçivəsində İspaniyanın Barselona şəhərindən Qəzzaya doğru qayıqlar hərəkətə başlayıb, həmin gün İtaliyanın Genuya şəhərindən isə təxminən 300 ton yardım yüklü gəmilər qoşulub.

“Sumud” sözü ərəbcədə “qətiyyət” və ya “sarsılmaz iradə” deməkdir. 1967-ci il Altıgünlük müharibədən sonra fələstinlilər arasında müqavimətin rəmzinə çevrilən bu anlayış, torpaqlarda qalmaq, kimliyi qorumaq, zorakı olmayan vətəndaş itaətsizliyi və alternativ qurumların yaradılmasını ifadə edir.

Seçilən
2
turkic.world

1Mənbələr