Bir qrup Bakı sakini yeni inşa edilən binalardan aldıqları mənzillərə iki ildir ki, köçə bilmirlər.
Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsindən gedir.
Onlarla ailənin ümid yeri sayılan iki bina hələ də yarımçıq qalıb.
"Olympus Botanic Garden" MTK-nın tikdiyi iki binanın nə həyəti abadlaşdırılıb, nə də binanın içində təhlükəsizliyi təmin edən elementlər tamamlanıb. İşıq, qaz, su xətləri isə kağız üzərindədir. Reallıqda isə sakinlər heç bir komunal xidmətin normal çəkilmədiyini bildirirlər.
Sakinlər deyirlər ki, MTK rəhbərliyi hər dəfə yeni tarix göstərir, lakin bir dəfə də vədinə əməl etməyib. İnsanlar binanın qarşısında toplaşaraq etirazlarını bildirsələr də, rəhbərlikdən heç kim onların üzünə baxmayıb.
"Xəzər Xəbər" olaraq MTK rəhbərliyi ilə dəfələrlə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimiz cavabsız qaldı. Halbuki iki ay əvvəl eyni məsələni işıqlandıranda, şirkət rəhbərliyi sentyabrın 1-nə qədər binaların təhvil veriləcəyinə söz vermişdi. Vaxt keçdi, amma verilən sözə əməl olunmadı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.