"NewsGuard" tədqiqatçıları əsas süni intellekt (Aİ) çat-botlarının, o cümlədən ChatGPT, Perplexity və digərlərinin yanlış məlumat yayımında kəskin artım qeydə alındığını bildiriblər.
Ölkə.Az-ın Axios-a istinadən məlumatına görə, illik araşdırmaya əsasən, texnoloji irəliləyişlərə və onlayn axtarış inteqrasiyasına baxmayaraq, son bir ildə cavablardakı yalan iddiaların payı 18%-dən 35%-ə yüksəlib.
Araşdırma zamanı tədqiqatçılar biznes, brendlər və siyasi hadisələrlə bağlı əvvəlcədən saxta olan on ifadəni on məşhur Aİ modelinə təqdim ediblər. Suallar üç formatda yoxlanılıb: doğru kimi təqdim edilən, neytral və provokativ. Məqsəd — sistemlərin fakt-yoxlama və dezinformasiyaya qarşı dayanıqlığını qiymətləndirmək olub.
Ən zəif nəticəni Inflection startapının qurucularından biri, DeepMind həmtəsisçisi Mustafa Süleymanın yaratdığı Pi çat-botu göstərib: 57% hallarda yanlış cavab qeydə alınıb. Perplexity-də bu göstərici 0%-dən 47%-ə qalxıb. ChatGPT-də artım 33%-dən 40%-ə, Grok-da isə 13%-dən 33%-ə çatıb. Ən az dezinformasiya isə Claude (Anthropic) – 10% və Gemini (Google) – 17% ilə qeydə alınıb.
Mütəxəssislər qeyd edirlər ki, nəticələrin pisləşməsinin əsas səbəblərindən biri cavab verməkdən imtinanın azalmasıdır.
2024-cü ildə Aİ modelləri sorğuların 31%-nə cavab verməkdən imtina edirdilərsə, 2025-ci ildə artıq 100% hallarda cavab veriblər – hətta kifayət qədər yoxlanılmamış məlumat olduqda belə.
Bununla yanaşı, bəzi Aİ-servislərində internet axtarışının inteqrasiyası da problemi həll etməyib: tədqiqatçılar vurğulayırlar ki, istinad olunan mənbələrin mövcudluğu onların keyfiyyətini və etibarlılığını təmin etmir.