Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və Milli Depozit Mərkəzinin üzvü “CPM” İnvestisiya Şirkətinin rəhbərliyi və kollektivi korporativ sosial məsuliyyət çərçivəsində Xəzər rayonunda yerləşən “Ümid Yeri” uşaq sığınacağını ziyarət edib.
Bu barədə Milli Depozit Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən yenidən qurulmuş “Ümid Yeri” uşaq sığınacağı valideyn himayəsindən məhrum olan uşaqlara qayğı göstərir və onların gələcəyinin təmin olunmasına dəstək verir. Ziyarət zamanı MDM və “CPM” İnvestisiya Şirkətinin rəhbər şəxsləri sığınacağın fəaliyyəti və sığınacaqda olan uşaqların həyat şəraiti ilə tanış olub. Uşaqlar da öz növbəsində qonaqların qarşısında xüsusi hazırlanmış proqramla çıxış edib.
Qeyd edək ki, “MDM -in 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası”na uyğun olaraq qurum tərəfindən müxtəlif korporativ sosial məsuliyyət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.





