Cəlilabadda təsərrüfatların birində iribuynuzlu heyvanın quduzluğa yoluxduğu bildirilir.
Xezerxeber.az-ın məlumatına görə, fərdi təsərrüfatdakı inəklərdən biri insanlara hücum edib, dişləmək istəyib.
Hadisə Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Mircəlal Hüseynovun təsərrüfatında qeydə alınıb.
Heyvanın sahibi bu barədə baytara müraciət edib.
Baytar həkim isə şübhələndiyi təsərrüfatı nəzarətə götürüb.
Xəstə heyvanı dərhal digərlərindən ayırıblar. Bir müddət sonra heyvan ölüb. Bu müddət ərzində bilmədən heyvanla təmasda olan ailə üzvləri Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına müraciət ediblər və onlara quduzluq əleyhinə vaksin vurulub.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Agentliyin regional bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək, müvafiq müayinələr aparılıb. Analiz nəticələrinə əsasən hadisənin dəqiq səbəbləri bəlli olacaq. Hazırda müvafiq qurumlarla birgə araşdırmalar davam edir.
Qeyd edək ki, iribuynuzlu heyvanın hansı şəraitdə quduzluğa yoluxması müəyyən olunmyıb. Heyvanın örüşdə yoluxduğu ehtimal olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.