Bakıda nəqliyyat axınına mənfi təsir göstərən ən problemli nöqtələrdən biri - Koroğlu Rəhimov küçəsində yeni dəyişikliklərə start verilir.
Xezerxeber.az-ın məlumatına görə, uzun illərdir sürücüləri çıxılmaz vəziyyətdə qoyan bu küçədə artıq yeni hərəkət sxemi hazırlanıb.
Əsas məqsəd tıxacları azaltmaq, küçənin buraxıcılıq qabiliyyətini artırmaq və axıcılığı təmin etməkdir. Koroğlu Rəhimov küçəsinin sonundan Həsən Əliyev küçəsinə çıxan hissədə cəmi iki hərəkət zolağı var. Bu isə hər gün minlərlə avtomobilin hərəkətini ləngidir, tıxac qaçılmaz olur. Sürücülərin "Gənclik" metrostansiyası istiqamətində hərəkət tələbi də yüksəkdir. Lakin birbaşa bu istiqamətdə getmək imkanı olmadığından nəqliyyat vasitələri yan küçələrlə uzun məsafə qət etməyə məcbur qalır, nəticədə həmin küçələr də həddindən artıq yüklənir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təklif edilən yeni layihəyə əsasən, həmçinin Həsən Əliyev küçəsindən gələrək Koroğlu Rəhimov küçəsinə daxil olmaq istəyənlər parkın yanından əsas küçəyə paralel yerləşən hissədən keçərək sola hərəkətlərini davam etdirməlidirlər.
Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsindən Fətəli xan Xoyskiyə qədər olan hissəsində isə əlavə hərəkət zolağı təşkil olunacaq. Bu istiqamətdə 3 hərəkət zolağı olacaq, əks istiqamətdə isə say dəyişməz qalır.
Yeni layihənin icrasına yaxın günlərdə başlanacağı gözlənilir. Bütün bu dəyişikliklər həm avtomobillərin axıcılığını artıracaq, həm də piyadalar təhlükəsizliyini təmin edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.