Qaradağ rayonu Lökbatan qəsəbəsi "6-ci yaşayış massivi" adlanan ərazidə sərnişin avtobusu problemi yaşanır.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər avtobusa minmək üçün 1 kilometr yol gedirlər.
"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, Lökbatan qəsəbəsinin daxilində fəaliyyət göstərən 111 nömrəli marşrut xəttindən istifadə etmək üçün təxminən 1 kilometr yolu piayada getməli olurlar. Adıçəlkilən ünvanın yaxınlığına sadəcə 1 avtobus gəlir, onun da son dayanacağına məsafə uzaqdır.
Şikayətçilərin dediklərinə əsasən, bu vəziyyətdən ən şox yaşlılar və uşaqlar əziyyət çəkirlər. Ərazidə şəxsi avtomobili olmayanlar da çoxdur. Bu da ciddi problemlər yaradır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentiliyndən sorğumuza cavab olaraq bildirdilər ki, Lökbatan qəsəbəsi "6-ci yaşayış massivi" adlanan əraziyə müxtəlif vaxtlarda əməkdaşlar tərəfindən baxış keçirilib. Araşdırma zamanı sözügedən ərazidəki yollarda ictimai nəqliyyat vasitələrinin təhlükəsiz hərəkət və manevr etməsi üçün əlverişli şəraitin olmadığı müəyyən edilib. Yolların ensiz olması və son dayanacaq məntəqəsinin olmaması ictimai nəqliyyatın həmin əraziyə getməsinə imkan vermir.
Qeyd edilib ki, dövlət şəhərsalma norma və qaydalarına uyğun olaraq yolların hərəkət hissələrinin qurtaracağında ictimai sərnişin nəqliyyatı vasitələrinin dönməsi üçün sonuncu dayanacağı təşkil etməklə diametri 30 m-dən az olmayan dönmə meydançaları qurulmalıdır.
Onu da əlavə etdilər ki, ərazidə fəaliyyət göstərən 111 nömrəli avtobusun nağdsız ödəniş sisteminə keçməsi nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.