Faiq Balabəyli: “Artıq hər şey öz təsdiqini tapıb Vardanyan bu ağır məsuliyyətdən boyun qaçıra bilməyəcək”
Ruben Vardanyanın Qarabağa hansı məqsədlə gəldiyi məlum idi və bilinirdi ki, o orada terroru maliyyələşdirir, silahlı dəstələr yaradır, digər qanunsuz əməllərlə məşğul olur. Saxta qurumun “dövlət naziri” postunu tuturdu, amma əsas işi döyüşçülərın hazırlanmasını maliyyə cəhətdən təmin etmək idi. Vardanyanın özü Bakı məhkəməsindəki prosesləri inkar etməyə çalışsa da şahidlər onun yalanlarını ifşa edir.
Sentyabrın 5-də Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs Levon Balayanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələri elan olunub. Balayan ifadəsində Vardanyanın bu əməllərindən də bəhs edib.
Onun ibtidai istintaqa verdiyi ifadələrə əsasən, 1995-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb, 1998-ci ilədək Şuşada, Xankəndidə və Xocalıda yerləşən, nömrələrini xatırlamadığı hərbi hissələrdə əsgər kimi xidmət edib, bu müddətdə ona “AKS-74” avtomat silah təhkim olunub. Xidmət etdiyi hərbi hissələrdə Rusiya Federasiyası istehsalı olan “T-55”, “T-72” tipli ağır döyüş tankları, “BMP-1”, “BMP-2” markalı piyadaların döyüş maşınları yerləşdirilib. Qeyd edib ki, yuxarı komandirlərdən biri olan Levon Mnatsakanyan (hazırda həbsdə olan təqsirləndirilən şəxsdir - red.) tez-tez hərbi hissələrə gəlib döyüş hazırlığı vəziyyətini yoxlayıb.
2020-ci il sentyabrın 20-də “Xankəndi şəhəri hərbi komissarlığı” tərəfindən məcburi şəkildə "silahlı qüvvələr"in tərkibində "xidmət"ə çağırılıb və 44 günlük müharibənin ilk günlərində, yəni sentyabrın 27-dən oktyabrın 2-dək Suqovuşan qəsəbəsi ərazisində dislokasiya olunmuş “3-cü müdafiə xətti”ndə silahlı birləşmənin tərkibində döyüşlərdə iştirak edib. Xidmət etdiyi batalyonun adı “Alaşa” olub.
L.Balayan ibtidai istintaqa ifadəsində bildirib ki, 2023-cü il mayın 1-də Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində Ruben Vardanyan tərəfindən yaradılmış və maliyyələşdirilən silahlı birləşmələrdən birinə qoşulub. Həmin vaxtdan “Artsakhbank” (Ermənistan bankıdır – red.) adlanan banka aid kart vasitəsilə aylıq 170 min dram, yəni 700 ABŞ dolları məbləğində əməkhaqqı alıb. Sentyabrın 20-də Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Ruben nə qədər özünü məsum göstərməyə çalışsa da, məhkəmədə açılan faktlar onun bütün cinayət əməllərini təsdiqləyir, o cümlədən də silahlı dəstələri maliyyələşdirdiyini bir daha sübut edir.
Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli baki-xeber.com-a bildirdi ki, R.Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək o zaman Qarabağa gəlməsinin kökündə elə separatizm meylləri, terroru dəstəkləmək, silahlı dəstələr yaratmaq dayanırdı. O, qeyd etdi ki, məhkəmədə ifadə verən digər erməni əsilli şəxslər də açıq şəkildə Vardanyanın orada silahlı dəstələr düzəltdiyini və onun kimilərini pul gücünə, yaxud zorla o dəstələrə cəlb etdiyini deyirlər. “Onsuz da hər kəsə aydın idi ki, Vardanyan hansı missiyanı yerinə yetirmək üçün Qarabağa gəlmişdi. Xankəndidə oturub hərbi, siyasi vəziyyəti ermənilərin xeyrinə dəyişmək üçün qabaqcadan planladıqları işi görəcəkdi və bu istiqamətdə də geniş fəaliyyətə başlamışdı. Qondarma rejmin qondarma rəhbərlərindən biri kimi səlahiyyətləri əlinə alırdı. Sözsüz ki, onun bu qanunsuz hərəkətlərinin, eləcə də yaradılan silahlı dəstələrə maddi yardım göstərməsinin məqsədi aydın idi.
Bu həm də Vardanyan vasitəsilə Rusiyanın Azərbaycana, ölkəmizin haqq savaşına müdaxiləsi kimi də qeyd olunmalıdır. Vardanyan “özünü idarəetmə” adı ilə içəridəki erməni sakinləri dəstələrə qoşur, onları döyüşlərə sövq edib. Vardanyan Rusiya vətəndaşı olub və bir ölkənin vətəndaşı olmuş şəxsin bu qədər böyük missiya və maliyyə yardımı ilə digər başqa bir ölkənin daxili işlərinə burun soxması heç də Rusiyanın xəbəri olmadan baş verə bilməzdi. Vardanyanın Qarabağda qanunsuz silahlı dəstələr yaratması, onları maliyyələşdirməsi, insanları döyüşlərə cəlb etməsi missiyası rəsmi Kremlin ona verdiyi tapşırıq idi. Əks halda Vardanyan öz başına bunları etməkdə çətinlik çəkərdi”.
F.Balabayli qeyd etdi ki, Vardanyanın Azərbaycan ərazisində silahlı dəstə yaratması, maliyyələşdirməsi, döyüşçülərə əmək haqqı ödəməsi və digər hərəkətlər, sözsüz, onun Rusiya məxfi idarəsindən, bir az da qabağa gedib, Kremlin özündən alınan göstəriş idi. “Əlbəttə ki, Vardanyan və digərləri inkar etdəcəklər ki, nə silahlı dəstə yaradıblar, nə də onlara maliyyə dəstəyi göstəriblər. Lakin məhkəmənin gedişində azərbaycanlı hakimlərin, zərərçəkmiş şahidlərin verdiyi suallar və ifadələr erməni silahlı dəstələrinin üzvlərinin etiraflarına səbəb olur. Artıq hər şey öz təsdiqini tapıb. Vardanyan bu ağır məsuliyyətdən boyun qaçıra bilməyəcək” - deyə F.Balabəyli bildirdi.
İradə SARIYEVA