AZ

İtaliyanın Rai telekanalı Qarabağdan reportaj yayımladı

İtaliyanın Rai telekanalı Azərbaycanın üzləşdiyi mina problemi, eləcə də Qarabağda aparılan bərpa və yenidənqurma layihələrindən bəhs edən reportaj yayımlayıb.

Publika.az xəbər verir ki, kanalın ölkəmizə ezam olunan jurnalisti Barbara Karfanya dünyada mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələrdən biri olan Azərbaycanın üzləşdiyi problemdən bəhs edib.

Reportajda işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi barədə məlumatlar diqqətə çatdırılır. Minaların humanitar problemlərdən əlavə ətraf mühitə də ziyan yetirdiyi və Azərbaycandakı minatəmizləmə problemlərinin həlli üçün beynəlxalq donorların da iştirakının əhəmiyyəti vurğulanır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat rəhbəri Xaliq Zülfüqarov ölkəmizdə həyata keçirilən minatəmizləmə fəaliyyətindən danışıb.

ANAMA-nın keyfiyyətə nəzarət idarəsinin rəisi Elnur Qasımov qurumun humanitar minatəmizləmə fəaliyyəti, minatəmizləmənin bərpa və yenidənqurma işlərindəki önəmi barədə ətraflı məlumat verib. O, ANAMA-nın bu sahədə topladığı təcrübə haqqında söz açıb və minatəmizləmə əməliyyatları zamanı yeni texnologiyaların, avadanlıqların və müasir yanaşmaların tətbiq edildiyini diqqətə çatdırıb.

Reportajda, eyni zamanda, Ağdam və Şuşada aparılan bərpa və yenidənqurma layihələrindən bəhs olunur. İşğal dövründə yararsız vəziyyətə düşmüş və dağıdılmış tikililərin yenidən bərpa olunduğu, yeni infrastruktur layihələrinin həyata keçirildiyi, Şuşa və Ağdamın tikinti-quruculuq meydançasına çevrildiyi bildirilir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev SSRİ-nin dağılmasından sonra başlayan hərbi təcavüz və 30 ilə yaxın davam edən işğal dövründə yerlə-yeksan edilən Ağdamın "Qafqazın Xirosiması" adlandırıldığını bildirib.

Prezidentin köməkçisi, həmçinin hərbi münaqişə aradan qalxdıqdan sonra Azərbaycanın işğala məruz qalmasına baxmayaraq, Ermənistana sülh təklif edən ölkə olduğunu vurğulayıb.

Seçilən
5
12
publika.az

10Mənbələr