AZ

Usman Dembele millidə zədə aldı - PSJ qəzəb içində

Futbol üzrə Fransa yığmasının və PSJ-nin cinah hücumçusu Usman Dembele aldığı ciddi zədə səbəbindən bir müddət oynamayacaq.

Arena.az xəbər verir ki, fransalı futbolçu 2026-cı ildə keçiriləcək dünya çempionatının (DÇ-2026) seçmə mərhələsinin Ukrayna yığması ilə səfər oyununda (2:0) zədələnib.

Əsaslı tibbi müayinədən keçmiş futbolçunun 6 həftəyə qədər müddət ərzində futbolsuz qalacağı məlum olub. Dizaltı vətərin zədəsi ilə üzləşmiş Dembelenin müalicəyə başladığı bildirilir.

Yeri gəlmişkən, PSJ rəhbərliyi Dembelenin Fransa yığmasının düşərgəsində ikən aldığı zədəyə görə, milli komandanın rəhəbərliyinə qəzəblənib. Bildirilir ki, Dembelenin yorğun olduğu və zədə ala biləcəyi ehtimalının yüksək olduğunu Paris klubunun rəhbərliyi Fransa yığmasının rəhbərliyinə bildirsə də, futbolçu Ukrayna yığması ilə oyuna buraxılıb və zədələnib.

Xatırladaq ki, Dembele oyunun 81-ci dəqiqəində əvəzlənib.

Usman Dembele PSJ-yə 2023-cü ilin avqust ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

2025/2026-cı illər mövsümündə Dembele PSJ-nin heyətində bütün yarışlarda 4 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Usman Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 99 oyun, 43 qol və 32 məhsuldar ötürmədən ibarətdir.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 57 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
13
arena.az

1Mənbələr