AZ

"Tələbəyəm... bu günümə, sabahıma cavabdehəm" 

Oxumaq, ali təhsil ocaqlarına qəbul olub tələbə adı qazanmaq, biliklərə yiyələnmək, vətənə layiqli xidmət göstərmək hər bir gəncin arzusudur. Təbiidir ki, təkcə arzulamaq azdır. Gərək ürəyində qövr edən arzunu reallaşdırmaq üçün oxuyasan, daim bilik və bacarığını artırasan, əziyyətlərə qatlaşasan, qarşılaşdığın çətinliklərə qalib gələsən. 

Sevindirici haldır ki, gənclərimizin təhsilə, elmə maraqları çoxdur. Onlar Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğını hər addımda yaxından hiss edərək oxuyur, təhsil alır, elm aləmində ilk addımlarını atırlar. 

Elmə, təhsilə böyük maraq göstərən çoxsaylı gənclər bu il də ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adı qazanıblar. Bununla doğmalarını, yaxınlarını və müəllimlərini sevindiriblər. İmtahanlardan uğurla keçib yüksək bal toplayaraq tələbə adı qazanmış gənclərlə görüşüb söhbət etdik. Çöhrələrindən təbəssüm yağan gənclər ürək sözlərini bizimlə sevinc hissi ilə bölüşdülər.

Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsinə qəbul olaraq tələbə adı qazanmış Quluzadə Fatimə Xəyyam qızının sevinci yerə-göyə sığmırdı. Üz-gözündən təbəssüm yağan Fatimə dedi ki, bu günlər həyatının ən xoşbəxt və bəxtəvər çağlarını yaşayır: "Bu günü görmək üçün uzun illər oxumuşam, hazırlaşmışam, kitablarla dostluq etmişəm. Anam Kəmalə Quluyeva ibtidai hazırlıq müəllimidir və dərslərimi oxuyarkən, imtahanlara hazırlaşarkən hansısa bir çətinliklə üzləşəndə ona müraciət edirdim. Sağ olsun anamı, həmişə mənə dəstək olur, bilikləri səbrlə, təmkinlə öyrədirdi. Hələ kiçik yaşlarımdan dəqiq fənlərə böyük marağım olub. Riyaziyyat fənni sirri-sehri ilə məni özünə çəkirdi. Məktəbdə riyaziyyat üzrə keçirilən bilik yarışmalarında həvəslə iştirak edirdim. Hazırlığım yüksək olduğuna görə həmişə də uğur qazanırdım. Əldə etdiyim uğurlara görə fəxri fərman və diplomlarla mükafatlandırılırdım. Aldığım mükafatlar məni daha da böyük uğurlara səsləyirdi. Qəlbim bu səsdən daha da həvəsə gəlirdi. Biliklərim artıqca dünyanı daha dərindən dərk edir, həyatı daha geniş anlayırdım. Bir sözlə, dünyagörüşüm formalaşır, təcrübəm artırdı. Dərslərimə ciddi, məsuliyyətlə hazırlaşmağım müsbət nəticə verdi. İmtahanları uğurla verərək arzusunda olduğum Bakı Dövlət Universitetinə qəbul oldum. Məni ilk təbrik edən qardaşım Elmir, babalarım Nəzər və Muxtar, nənələrim Südabə və Gülxanı buna görə çox sevindilər. Məni xoş sözlərlə təbrik edib təhsilimdə yeni uğurlar arzuladılar. Onların xoş sözləri mənə qol-qanad verdi". 

Fatimə Quluzadə daha sonra sözünə davam edərək gələcək planlarından da söz açdı. Dedi ki, artıq məktəb illəri ötüb arxada qaldı: "İndi sanki qarşımızda yeni  həyat, yeni dünya açılır. Orta məktəbdə olduğu kimi yenə də bilikləri həvəslə öyrənəcəyəm, həmişə dərs və imtahanlardan yüksək qiymət alacağam. Riyaziyyat elminin sirlərinə daha da dərindən yiyələnəcəyəm". 

Şəlalə Qacar qızı Əzizova da bu il tələbə adı qazanan gənclərdəndir. Söhbət zamanı öyrəndik ki, o, Qubadlı rayon A.Atakişiyev adına Muradxanlı kənd orta məktəbində oxuyub. Dərslərini yaxşı oxuduğuna görə müəllimlərinin sevimlisi olub. Çəkdiyi əziyyət hədər getməyib. Qəbul imtahanından uğurla keçərək Bakı Mühəndislər İnstitutuna qəbul olub. 

Söhbət zamanı Şəlalə imtahan zamanı keçirdiyi həyəcanlı anlardan da söz açdı. Dedi ki, ilk dəqiqələrdə bir az həyəcanlı olub: "Amma sullarla tanış olandan sonra hər şey öz axarına düşdü. Çünki sualların cavabını bilirdim. Sevimli müəllimimiz Güllü xanım həmişə deyirdi ki, heç vaxt imtahan zamanı həyəcanlanmayın. Çünki belə anlarda bildiklərinizi də unudarsınız. Öyrəndiklərimə, biliklərimə arxalanaraq çox rahatlıqla sualların cavabını yazdım. Uğur qazanacağma əmin idim. Düşündüyüm kimi də oldu. İmtahanların nəticələri elan olunanda xeyli sevindim. İnsan arzusuna çatanda çox xoşbəxt və bəxtəvər olur. İndi mən ömrümün ən xoşbəxt və bəxtəvər günlərini yaşayıram. Tələbə adını qazanmağımla atam Qacara, anam Lamiyəyə, bacım Nəzrinə və başqa yaxınlarıma  sevinc dolu anlar bəxş etmişəm". 

Şəlalə söhbətinə davam edərək dedi ki, bu gün arzusuna çatıb ali təhsil ocaqlarına qəbul olunmuş bütün tələbələr sevinc içindədir: "Təbiidir ki, bu sevinci, bu xoşbəxtliyi bizə yaşadan gündən-günə güclənən, iqtisadi və siyasi gücünü artıran, getdikcə beynəlxalq aləmdə nüfuzu yüksələn, regionda söz sahibinə çevrilən Azərbaycan dövlətidir, onun Prezidenti İlham Əliyevdir. Bilirik ki, ölkəmizdə  gənclərə diqqət və qayğı göstərilir. Biz bunu hər gün hiss edirik. Onu da bilirik ki, arxamızda Prezident İlham Əliyev kimi Lider dayanıb. Bütün bunlar bizi daha da yaxşı oxumağa, cəmiyyətimizin fəal üzvü olmağa sövq edir". 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"  

Seçilən
75
azerbaijan-news.az

1Mənbələr