Ürəkləri arzu dolu, tükənməz bir enerji ilə oxumaq, yaratmaq, qurmaq istəyən gəncləri görüb fərəhlənməmək mümkün deyil. Hər biri Vətənin işıqlı sabahı, nurlu gələcəyi üçün çalışmaq istədilkərini deyirlər. Gəncliyin savadlı, dünyagörüşlü, yüksəkəxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir xalqın və dövlətin uğurlu gələcəyi deməkdir.
Bakının 279 nömrəli məktəbinin tələbə adını qazanmış məzunları redaksiyamızın qonağı oldu. Xatırladaq ki, həmin qabaqcıl məktəbin bu il 61 məzunu yüksək balla müxtəlif ali məktəblərə qəbul olaraq tələbə adını qazanıblar. Hömsöhbətimiz Cəfərli Yaqut
İlham qızı 2008-ci ildə Bakı şəhərində anadan olub. 279 nömrəli məktəbi müvəffəqiyyətlə başa vuraraq 636,9 balla Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya texnologiyalari ixtisasına qəbul olub. Yaqut deyir: "Kiçik yaşlarımdan bu ixtisasa həvəsim olub. İnformasiya texnologiyasının gələcəkdə daha geniş inkişaf edəcəyinə inanıram. Məqsədim gələcəkdə İT mütəxəssisi olub xalqıma xidmət etmək və xarici ölkələrdə Azərbaycan dövlətinin adını daha yüksəklərə qaldırmaqdır. Bunun üçün məsuliyyətlə çalışacağam. Qazandığım uğura görə məktəb direktoru Südabə Abdullayevaya, sinif rəhbərim Tamilla Vəliyevaya, üzərimdə haqqı olan bütün müəllimlərimə və mənə hər zaman dəstək olan valideynlərimə təşəkkür edirəm. Gənclərimizə göstərilən diqqətə və qayğıya, gənc nəslin təhsilinə verdiyi önəmə görə Prezdent İlham Əliyevə ailəmiz adından minnətdarlığımı bildiririrəm".
Tələbə adını qazanmış əslən ağdamlı olan Ruslan Quliyev 2008-ci ildə Bərdə şəhərində anadan olub. Ruslan deyir: "Təhsil həyatıma 2014-cü ildə Bakı şəhərində başlayıb. Bu il 11-ci sinifi bitirərək tələbə adını qazanmışam. Uşaqlıqdan ən böyük arzum ali məktəbə qəbul olunmaq idi. Bu il imtahanlardan 635 bal toplayaraq ADA Universitetində Maliyyə ixtisasına qəbul edilmişəm. Bu universitetə marağım 7-ci sinifdən yaranıb. Qardaşım da həmin universitetdə təhsil aldığı üçün burada ciddi nizam-intizamdan və təhsilin səviyyəsinin yüksək olmasından xəbərim var idi. Ona görə də seçim edəndə çox fikirləşmədim, arzusunda olduğum ADA-nı seçdim. Yüksək nəticə əldə etməyim əzmkarlığım və müəllimlərimin dəstəyi nəticəsində mümkün oldu. Əldə etdiyim nəticəyə görə ailəmə və müəllimlərimə təşəkkür edirəm".
Həmsöhbətimiz Zəhra Budaqova 2008-ci il iyunun 16-da Bakıda anadan olub. Zəhra da bu il 630 bal toplayaraq tələbə adını qazanıb. O deyir: Ən böyük arzusu Azərbaycan Dövlət İqtisad Universitetində informasiya texnologiyaları ixtisasına qəbul olunmaq idi. Bu universiteti seçməyinin səbəbi dünyadakı bir çox universitetlə əlaqəsinin, ikili diplom proqramları və təhsil səviyyəsinin yüksək olması idi. Şükür, arzuma çatmışam. Bu yolda mənə yardım edən müəllimlərimə təşəkkürümü bildirirəm. Ömrüm böyu məni həyata hazırlayan müəllimlərimin əməyini unutmayacağam".
Tələbə adı almağın sevincini yaşayan gənclərdən biri də Fərid Qarayevdir. Fərid deyir ki, Gürcüstanın Borçalı mahalından olsa da, Baki şəhərində anadan olub: "2014-cü ildə 279 nömrəli məktəbdə təhsil almağa başlamışam və 2025-ci ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. Keçirilən buraxılış imtahanında 291,3, blok imtahanında isə 638,6 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Data analitikası ixtisasına qəbul olunmuşam. Seçdiyim ixtisas gələcəyin ən vacib sahələrindən biridir. Məqsədim qazandığım bilik və bacarığımı dövlətimizin inkişafına yönəltmək Azərbaycanın güclənməsinə öz payımı verməkdir. Qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin məzmunlu çıxışı, qətiyyəti biz gənclər üçün örnəkdir. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə hər birimizdə qürur yaratdı. Qalib ölkənin vətəndaşı kimi gələcəyimizi daha xoşbəxt görürük. Bu, biz gənclərin üzərinə böyük məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edərək hərə öz sahəsində çalışmalı, öyrənməli və ölkəmizin inkişafına töhfə verməlidir. Bu gün qazandığım uğura görə mənə dəstək olanlara təşəkkürümü bildirirəm".
Digər həmsöhbətimiz Ləman İbrahimova 2008-ci ildə Şəki şəhərində anadan olub. Ləman söhbətə uşaqlıq illərindən başlayır: "Kiçik yaşlarımdan həmyaşıdlarımdan fərqli olaraq mən kitab oxuyurdum. Ən böyük əyləncəni kitabda tapırdım. İllər keçdikcə təhsilə marağım daha da artdı. Məktəb illərində həmişə çalışmışam ki, dərslərimə məsuliyyətli olum. Xüsusən də iqtisadiyyat və maliyyə sahəsinə olan marağım məni daha çox çalışdırırdı. İmtahana hazırlaşarkən bir məqsədim var idi. ADA Universitetində Maliyyə ixtisasına qəbul olmaq. Arzuma çatmaq üçün iki il səylə çalışdım. Nəticədə Dövlət İmtahan Mərkəzinin ikinci qrup üzrə keçirdiyi qəbul imtahanında 638 bal toplayaraq arzuladığım ixtisasa - ADA Universitetinin Maliyyə ixtisasına daxil oldum.
Həyatımın ilk ən böyük uğurunu yaşadığım üçün çox xoşbəxtəm. Gələcəkdə daha çox öyrənmək, inkişaf etmək və ölkəmizin iqtisadi inkişafına öz töhfəmi vermək arzusu ilə yaşayıram. Sonda bir gənc tələbə kimi mənə və yaşıdlarıma keyfiyyətli təhsil almaq üçün hər cür şərait yaradan dövlətimizə, müəllimlərimə və dəstəyini əsirgəməyən hər kəsə səmimi təşəkkürümü bildirirəm".
590 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olan Aliyə Kərəmli də 279 nömrəli məktəbin məzunlarındandır. Aliyə deyir: "Politologiya ixtisasını seçməyim təsadüfi deyil. Çünki bu ixtisas cəmiyyətin siyasi, hüquqi və sosial proseslərini dərindən öyrənmək, dövlət idarəçiliyi sahəsində biliklərə yiyələnmək üçün mühüm imkanlar açır. Mənə görə politologiya yalnız nəzəri biliklər toplamaq deyil, həm də analitik düşünməyi, düzgün qərar verməyi və vətənin inkişafı naminə məsuliyyət daşımağı öyrədir. Bu uğurun qazanılmasında məktəbimizin rəhbəri Südabə müəllimənin və müəllim heyətinin zəhməti əvəzsizdir. Qarşıdakı məqsədim isə biliklərimi artıraraq savadlı, vətəninə bağlı və xeyirli bir vətəndaş kimi dövlətimə xidmət etməkdir".
Elşən QƏNİYEV,
"Azərbaycan"