BAKI, TurkicWorld, Səməd Əyyubov
7 sentyabr gecəsi Günəşdə gücü üzrə sonuncudan əvvəlki sinifə aid partlayış qeydə alınıb.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə saat 02:15-də Günəşin 4207-ci ləkə qrupunda (N28W16) rentgen diapazonunda M1.2 sinifli, 10 dəqiqə davam edən partlayış baş verib.
Məlumat üçün bildirək ki, Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Minimal A0.0 sinfi Yer orbitində hər kvadrat metrə 10 nanovat gücündə şüalanmaya uyğun gəlir. Hər növbəti sinifə keçdikdə şüalanmanın gücü 10 dəfə artır.
Günəş partlayışları bəzən plazma kütləsinin atılması ilə müşayiət olunur. Bu kütlə Yerə çatdıqda maqnit qasırğaları yarada bilər.