BAKI, 7 sentyabr. TELEQRAF
Ukrayna Müdafiə Qüvvələri Pokrovsk və Dobropolye istiqamətlərində cəbhənin əhəmiyyətli bir hissəsini işğaldan azad edib.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski bildirib.
Onun sözlərinə görə, Pokrovsk istiqaməti ən çətin döyüşlərin getdiyi bölgədir. Rusiya qoşunları ən böyük hücum qruplaşmasını burada cəmləşdirsə də, son bir həftədə Ukrayna bölmələri düşmənin 350-yə yaxın hücumunun qarşısını alıb. Nəticədə avqust ayında itirilən 5 kvadrat kilometrə qarşı 26 kvadrat kilometr əraziyə nəzarət bərpa edilib. Bu nisbət Dobropolye istiqamətində də Ukraynanın xeyrinə olub.
Baş komandan əlavə edib ki, müdafiənin dayanıqlığını artırmaq üçün zəruri göstərişlər verilib, bölmələr əlavə sursat və dronlarla təmin edilir, elektron mübarizə və fortifikasiyalar gücləndirilir.