Bu gecə 2025-ci ilin ikinci Ay tutulması - “Qanlı Ay” tutulması baş verəcək.
Musavat.com Türkiyə mediasına istinadla bildirir ki, sözügedən Ay tutulması bəzi şəxslərdə “zəlzələ olacaq” qorxusu yaradıb.
Məsələ ilə bağlı coğrafiyaşünas Kenan Canan bildirib ki, “Qanlı Ay” tutulmasının zəlzələ və fəlakətlə heç bir bağlılığı yoxdur:
“Yer kürəsi Günəşlə Ayın arasına girdikdə Günəş şüaları birbaşa Aya çata bilmir. Şüalar Yerin atmosferindən süzülərək keçir, mavi tonlar dağılır, qırmızı tonlar isə Ay səthinə əks olunur. Bu səbəbdən Ay qızılı-qırmızı bir görünüş qazanır.
Ay tutulması tamamilə təbii bir hadisədir. Tövsiyə edirik ki, insanlar bu hadisəyə narahatlıqla yanaşmasınlar, əksinə, göy üzünün bizə təqdim etdiyi nadir və möhtəşəm bir tamaşa kimi izləsinlər”.
Tam tutulma saat 22:52:47-də, qismən tutulma saat 23:56:26-da, yarımkölgəli Ay tutulması saat 00:55:00-da sona çatacaq. Tam tutulma 82 dəqiqə davam edəcək.
2025-ci ilin ikinci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək. Azərbaycan ərazisində axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq.
Musavat.com