AZ

Santuşun danışıq xərcləri

Həmişəki, klassik vəziyyətimizi yaşayırıq: “gördün filan şeyə müqavimət göstərə bilmirsən, heç olmazsa kayf tutmağa çalış”. Biz də tutaq.

Məsələn, İslandiya futbol komandası oyunçularının soyadlarını oxuyanda ağlıma belə zarafat gəldi: “Palsson birinci topu vurdu, Yohannesson ikinci və üçüncü qolu, Qudmundson dördüncünü vuranda fikirləşdim bu yəqin son olar, olmadı, Hlinson beşincini vurdu”.

Şit zarafatdır, əlbəttə, amma siz çalışın gülün. Mən özüm futbol rəhbərliyimizdən kiminsə “Sistem düzgün qurulmamışdı” deyərək oyunda bütün günahı baş məşqçi Santuşun üzərinə yıxdığını eşidəndə xeyli güldüm. O qədər gözəl, yerində açıqlama idi ki... Sitat tam olaraq belə idi, mütləq burada yazmalıyam: “Futbolçuların günahı yoxdur. Fernandu Santuş ev tapşırığını düzgün yerinə yetirmədi. Sistem başdan səhv idi. O, bunun məsuliyyətini anlamalıdır”.

Lap o əski, saqqallı sovet anekdotundakı kimi: “Türmədə iki dustaq söhbətləşir. - Səni nəyin üstündə tutublar? Siyasi maddədir, yoxsa kriminal? – Siyasidir. Mən santexnikəm. Raykoma təmirə çağırmışdılar, mən də dedim ki, bütün sistem dəyişməlidir”.

Bir də o müxbirin Santuşu özünə hörmət qoymağa səsləməsi anekdotun zırpısı idi. Özünə hörmət qoyan jurnalist belə gülməli sual verməz. Niyə? Çünki bizim özümüz də yolun qırağından (ya da ortasından – fərqi azdır) yiyəsiz pul tapsaq böyük məmnuniyyətlə götürüb xərcləyərik. Santuş niyə müftə gəlirdən imtina etməlidir? Malını yeməyənin malını yeyərlər. Malına düşdü talan, sən də bir yandan tala. Yedin dadındı, verdin Santuşundur, qaldı bankın kreditidir.

Belənçik dəyərli ata sözlərimiz çoxdur, bizə təskinlik verən elə folklorumuzdur, onun hesabına yaşayırıq. Keçən günlərə, tariximizə baxıb həzz alırıq.  

Sözgəlişi, başqa bir fitbol (təklif edirəm milli futbolumuza indən belə bu adı qoyaq, çünki oyunçularımız üçün hakim tez-tez fit çalıb mərkəzi göstərir; al sənə, növbəti şit zarafat) komandamız təzəlikcə transfer siyasəti üzündən tənqid ediləndə milli mətbuatımız onları müdafiəyə qalxmışdı. Sən demə bizim o komandanın sponsorluğuna heç bir dəxlimiz yox imiş, söz deyibən tənqid yapa bilməzmişik.

Hə, əlbəttə. Ölkənin əsas ərzaq monopolisti yüz faiz Braziliyanın qəhvə şirkətləridir. Məsələn, biz hər dəfə “Yolkənarı qəhvəxana”da espresso hortladanda Vinisiusa maya qoyuruq.

Ümumiyyətlə, dünya sinizmin zirvəsini yaşayırsa, mümkün qədər vecsiz olmaq lazımdır. Körpə, yaş yarımlıq, yəni 1,5 yaşlı uşaqları raket, bomba və dronlarla öldürən kaftar qocaların 150 il yaşamaq arzulu diskussiyalarına şahidiksə, bambılı bir oyunda 5:0 uduzmağı niyə vecinə alasan? Hamısı boş şeydir. Üstəlik, arxadan gələn gənclər də ümidvericidir, məsələn, eyni gündə 21 yaşlılar komandamız da Portuqaliyaya 5:0 uduzmuşdu. Nə az, nə çox. Eyni hesabla. Deməli bizi hərtərəfli xoşbəxt, stabil gələcək gözləyir. 6:0 uduzsalar narahat olmağa dəyərdi.

Stabil yazdım, yadıma düşdü, internetdə Azərbaycanın 1990-cı illərdə Fransaya 10:0 uduzduğu oyunun videoyazısı var, orada unudulmaz şərhlərdən biri bilirsinizmi necə idi? “Hesaba baxmayaraq milli komandamız indikindən daha məzmunlu, maraqlı oyun göstərirmiş”. Oyuna baxırsan, görürsən həqiqətən elədir.

Sonda (qeyd edim ki, islandların soyadındakı “son” hissəciyi “oğlu” mənası verir, ana dilimizdəki “yev”, “ov” soyad sonluğu kimi; qız olanda “dottir” olur) Santuşun AFFA ilə müqaviləsindən şəxsən məni ən çox yandıran bəndi burda yazıram: nə qədər ki, baş məşqçimizdir, biz onun telefon danışıq xərclərini də ödəməliyik.

Təzəcə internetə görə Aztelekoma 27 manat vermişdim, ona görə bundan heç cür kayf tuta bilmədim.

Barı telefonunu kəsin, insafsızlar...

Seçilən
64
10
musavat.com

10Mənbələr