PSJ klubu Fransa millisinin tibbi heyətinin klub tərəfindən göndərilən göstərişlərə məhəl qoymamasından narazılığını ifadə edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında yayılan bəyanatda qeyd olunub.
Fransız təmsilçisi vurğulayıb ki, yığmanın düşərgəsində zədələnən Usman Dembelenin və Dezire Duenin durumunun həm futbolçular, həm də klub üçün ciddi idman nəticələri doğurduğunu bildirərək, Fransa Futbol Federasiyasına rəsmi məktub ünvanlayıb. Məktubda klub və milli komanda arasında idman-tibbi əməkdaşlığın yeni, şəffaf protokol əsasında qurulmasının vacibliyi vurğulanıb.
PSJ bəyan edib ki, oyunçularının mövsüm ərzində davamlı tibbi nəzarətdə olduğunu və dəqiq məlumatların toplanıldığını, bu səbəbdən də Fransa millisinin toplanışından öncə hər iki futbolçu ilə bağlı konkret tibbi materialların federasiyaya göndərildiyini diqqətə çatdırıb. Klub təəssüflə bildirib ki, həmin tövsiyələr milli komandanın tibbi heyəti tərəfindən nəzərə alınmayıb və klubun həkim briqadası ilə heç bir məsləhətləşmə aparılmayıb.
PSJ Fransa millisinin maraqlarını dəstəklədiyini, lakin bu hadisələrin yeni tibbi koordinasiya mexanizminin yaradılması üçün dönüş nöqtəsinə çevrilməli olduğunu vurğulayıb. Klub, həmçinin oyunçuların çağırışı və istifadəsi zamanı – xüsusilə müalicə tələb edən zədələr mövcud olduqda – daha gücləndirilmiş ehtiyatlılıq prinsipinin qorunmasının vacibliyini qeyd edib.
“Bu yaxınlarda baş verən, ciddi və qarşısı alına biləcək hadisələr sürətli və dərhal tədbirlər tələb edir. Klub bu prosesdə aktiv iştirak etməyə və kollektiv işə töhfə verməyə hazırdır”, – deyə bəyanatda qeyd olunub.