AZ

Putin Rusiya Erməniləri İttifaqını belə TƏBRİK ETDİ

Vladimir Putin Rusiya Erməniləri İttifaqının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli tədbirlərin iştirakçılarına və qonaqlarına təbrik müraciəti ünvanlayıb.

Musavat.com xəbər verir ki, Kremlin saytında dərc olunan teleqramda qeyd olunub:

“Konkret olaraq sizin təşkilatınızın səyləri nəticəsində zəngin mədəni, təhsil və maarif layihələri həyata keçirilir, gənclər siyasəti və gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində mühüm təşəbbüslər gerçəkləşir”.

Prezident vurğulayıb ki, ötən illər ərzində Rusiya Erməniləri İttifaqı ölkə üzrə erməni icmalarını birləşdirə bilib. Vladimir Putinin sözlərinə görə, təşkilatın çoxşaxəli fəaliyyəti və dövlət qurumları ilə səmərəli dialoqu onun nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

Putin həmçinin İttifaqın ardıcıl şəkildə həyata keçirdiyi fəaliyyətin millətlərarası münasibətlərin harmonizasiyasına və erməni diasporunun Rusiya cəmiyyətinə inteqrasiyasına yönəldiyini xüsusi qeyd edib. Dövlət başçısı əlavə edib ki, təşkilat eyni zamanda xüsusi hərbi əməliyyatda iştirak edənlərə, veteranlara, onların ailələrinə və yaxınlarına da dəstək göstərir.

“Əminəm ki, bu gün keçirilən təntənəli tədbirlər yüksək səviyyədə baş tutacaq, yeni perspektivli ideya və təşəbbüslərə yol açacaq. Sizə uğurlar arzulayıram”, – deyə Vladimir Putin müraciətində bildirib.

Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr