Futbol üzrə Venesuela yığması ilə ev oyunu (3:0) Argentina milli komandasının hücumçusu Lautaro Martines üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, sözügedən komandalar 2026-cı ildə keçiriləcək dünya çempionatının (DÇ-2026) CONMEBOL bölgəsi üzrə seçmə mərhələsinin oyununda üz-üzə gəliblər.
Martines bu oyunda “albiseleste”nin 3:0 hesablı qələbəsinə qolla töhfəsini verib. Bununla da, o, Argentina yığması üçün vurduğu qolların sayını 33-yə çatdıraraq, əfsanəvi Dieqo Maradonanı (32 qol) geridə qoyub.
Xatırladaq ki, Argentina yığmasının ən sərrast qolçusu Lionel Messidir – 114 qol.
Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.
Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.
Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 2 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.
Lautaro Martinesin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 337 oyun, 154 qol, 51 məhsuldar ötürmədən ibarətdir.
Martines “İnter”lə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.
Lautaro Martines 2018-ci ilin mart ayında debüt etdiyi Argentina yığmasının heyətində 71 oyuna çıxıb, 33 qol vurub, 9 məhsuldar ötürmə verib. Lautaro 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 95 milyon avro məbləğində qiymətləndirir.