
İsrailin Baş naziri Benyamin Netanyahu ordunun Həmas qruplaşmasına qarşı əməliyyatları gücləndirdiyini açıqlayıb.
Yeniavaz.com AFP-yə istinadən xəbər verir ki, o, Qəzza şəhəri və ətrafında hücumların “dərinləşdirildiyini” bildirib.
Nazirlər Kabinetinin iclasında çıxış edən Netanyahu deyib: “Biz Qəzza şəhərinin kənarında və özündə manevrlərimizi dərinləşdiririk. Terror infrastrukturunu məhv edir, müəyyən edilmiş terror qüllələrini sökürük”.
Son günlər İsrail aviasiyası Qəzza şəhərində iki çoxmərtəbəli binanı dağıdıb. Ordu həmin binaların Həmas tərəfindən İsrail əsgərlərinə casusluq məqsədilə istifadə edildiyini iddia edib. Həmas isə bu ittihamları rədd edir.
Hərbi əməliyyatların intensivləşməsi bölgədə yaşayan fələstinlilər üçün humanitar vəziyyəti daha da ağırlaşdırıb. Netanyahu bildirib ki, İsrail mülki əhalinin təhlükəsiz şəkildə köçürülməsi üçün yeni humanitar zona yaradıb.