AZ

Almaniya əcnəbi tələbələr üçün cəlbedici təhsil məkanı olaraq qalır

Berlin, 8 sentyabr, AZƏRTAC

Almaniya dünya üzrə ən populyar təhsil məkanlarından biridir.

AZƏRTAC xəbər verir ki, Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən 130-dan çox ali məktəbdə 115 min tələbə arasında aparılan “BintHo” tədqiqatına görə, əcnəbi tələbələrin dörddə üçü Almaniyanı xaricdə təhsil üçün birinci seçim olaraq göstərib və ümumilikdə təhsildən məmnun qaldıqlarını qeyd edib.

Tədqiqatın nəticələrinə görə, Almaniyanın texnologiya sahəsində liderliyi, ingilisdilli proqramların mövcudluğu, cəlbedici iş imkanları və nisbətən aşağı təhsil və yaşayış xərcləri tələbələr üçün əsas üstünlüklərdir. Beynəlxalq tələbələrin üçdə ikisi məzun olduqdan sonra əvvəlcə Almaniyada qalmağı planlaşdırır, bir çoxu isə uzunmüddətli iş və hətta şirkət qurmaq niyyətindədir.

Kampuslarda tələbələrin 75 faizi özlərini xoş qarşılanmış hiss edir, lakin gündəlik həyatda ayrı-seçkilik halları hələ də müşahidə olunur. Universitet mühitində bu halların azlığı nəzərə çarpan olsa da, universitetdən kənarda Afrikadan, Yaxın Şərqdən və Asiya-Sakit Okean regionundan olan tələbələr daha çox ayrı-seçkiliklə üzləşir.

Alman tələbələr arasında xaricdə təhsil böyük maraq doğursa da, maliyyə çətinlikləri və digər sosial maneələr səbəbindən çox az hissəsi bu imkanlardan faydalanır. DAAD rəqəmsal həllər, hibrid proqramlar və onlayn imtahanların xaricdə təhsilə marağı artıracağını bildirir.

DAAD prezidenti elmlər doktoru, professor Coybrato Mukherji qeyd edib ki, Almaniya universitetləri beynəlxalq tələbələr tərəfindən həm mükəmməl təhsil, həm də karyera imkanları baxımından yüksək qiymətləndirilir və ölkəyə gələcək istedadları uzunmüddətli cəlb etmək üçün böyük potensial yaradır.

“BintHo” tədqiqatının ikinci mərhələsi 2023-2024-cü tədris ilində 132 ali məktəbdə 115 min 652 tələbə arasında aparılıb. Növbəti sorğu 2026-2027-ci tədris ilində planlaşdırılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
2
1
azertag.az

2Mənbələr