İran beynəlxalq sanksiyaların aradan qaldırılması müqabilində beynəlxalq müfəttişlərin nüvə obyektlərinə çıxışını bərpa etməyə və uranın zənginləşdirilməsinə məhdudiyyət qoymağa hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Guardian" qəzetində dərc olunan məqaləsində İran xarici işlər naziri Abbas Əraqçi yazıb.
"İran ciddi nəzarət və zənginləşdirməyə məhdudiyyət şərti ilə sanksiyaların ləğvini nəzərdə tutan realist və uzunmüddətli bir saziş bağlamağa hazırdır. Bu qısamüddətli fürsətdən istifadə etməmək bölgə və onun hüdudlarından kənarda tamamilə yeni miqyasda dağıdıcı nəticələrə gətirib çıxara bilər", – deyə o qeyd edib.
Əraqçi Avropa ölkələrini Vaşinqtonun siyasətinə kor-koranə tabe olmamağa çağırıb, əks halda, Avropanın beynəlxalq məsələlərdəki rolu daha da azalacaq.
"Elə görünə bilər ki, Böyük Britaniya, Fransa və Almaniya İrana qarşı qəsdən hərəkət edirlər. Amma həqiqət budur ki, onlar düşünülməmiş bir xəttə bilərəkdən əməl edirlər. Onlar hesab edirlər ki, bu yanaşma onlara digər məsələlərlə bağlı danışıqlarda masa arxasında yer qazandıracaq. Bu ciddi yanlış hesablamadır və onların öz əleyhinə işləyəcək," – deyə nazir vurğulayıb.