Venesuela Silahlı Qüvvələrinin Ali Baş Komandanı və prezident Nikolas Maduro Kolumbiya sərhədində, həmçinin respublikanın Karib və Atlantik dənizi sahillərində 25 min hərbi qulluqçunun yerləşdirilməsi barədə əmr verib.
“İki sahil” xəbər verir ki, Venesuela lideri bunu özünün "Telegram" kanalında bildirib.
"Əmr verdim ki, kişi və qadından ibarət 25 min şanlı Milli Bolivar Silahlı Qüvvələrimizin sürətli reaksiya göstərən əməliyyat-taktiki qruplarını Kolumbiya ilə sülh zonasına, Karib sahillərinə və Yeni Esparta, Sukre və Delta-Amakuro əyalətlərinin Atlantik sahillərinə yerləşdirsinlər", - Maduro bildirib.
O vurğulayıb ki, mobilizasiyanın əsas məqsədi milli suverenliyin qorunması, ölkənin təhlükəsizliyi və sülh uğrunda mübarizədir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp əvvəlcə Venesuelanın narkotik ticarəti ilə mübarizədə yetərli tədbirlər görmədiyini qeyd etmişdi. "Reuters" agentliyinin məlumatına görə, avqustun 19-da ABŞ Hərbi Dəniz Qüvvələrinin üç destroyeri Venesuela sahillərinə yaxın Cənubi Karib hövzəsinə narkotik kartellərinə qarşı əməliyyatlar keçirmək üçün göndərilib.
Sentyabrın 3-nə keçən gecə Tramp Venesuela narkotik karteli "Tren de Aragua"nın 11 üzvünün neytral sularda məhv edildiyini bildirib.