AZ

QHT sədri Akif Kərimov: “Toy və yas mərasimlərinin sadə təşkili vacibdir”

“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, cərrah Akif Kərimov QHT.az-a açıqlamasında toy və yas mərasimlərində israfçılığın qarşısının alınmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu mərasimlərin sadə təşkili həm insanların maddi yükünü azaldar, həm də sağlamlığa müsbət təsir göstərər:

“Toy əlbəttə xoş xatirədir, hər kəs onu keçirir. Amma hər toyun da, ümumiyyətlə mərasimlərin də öz qaydası, öz qanunu olmalıdır. Çünki toylarda o qədər yemək verilir ki, bunların əksəriyyəti insan orqanizminə zərərli təsir göstərir. İnanın ki, xəstəliklərin 80 faizi qidalanma ilə bağlıdır. Belə israfçılıq sadəcə xərc deyil, həm də sağlamlığa ziyandır” – deyə Akif Kərimov bildirib.

QHT sədri həmçinin Qida Təhlükəsizliyi Agentliyinə müraciət edərək xaricdən gətirilən qidaların və bazarda satılan məhsulların üzərində ciddi nəzarətin artırılmasının vacibliyini qeyd edib.

Yas mərasimlərinə toxunan Akif Kərimov bildirib ki, burada da maarifləndirmə aparılmalı, xüsusilə mollalar və din xadimləri bu işdə fəal iştirak etməlidirlər:

“Yas mərasimlərində çoxsaylı yeməklərə ehtiyac yoxdur. Bir dəfə – məsələn, 3 mərasimində yemək verilə bilər, bununla da kifayətlənmək lazımdır. Hazırda bəzi yerlərdə 3 və 7 mərasimləri bir yerdə keçirilir, bu da yaxşı haldır. Çünki həm israfçılıq azalır, həm də insanlar borca düşmürlər”, – deyə o əlavə edib.

Akif Kərimov vurğulayıb ki, toy və yas mərasimlərində artıq xərclər ailələri borca salır, bu isə həm stress, həm də gələcək nəsillərin sağlamlığı üçün təhlükə yaradır:

“Milli Məclis də bu məsələyə diqqət ayırmalı və müvafiq qərarlar qəbul etməlidir”

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
48
2
qht.az

3Mənbələr