Yuxarıdakı şəklə diqqət edin. Hansısa bir sənətkar piyada keçidinin “zebra”sına 3G stilində elə əlavələr edib ki, sanki “zebra” deyil, yola şpal döşənib. Bunu görən sürücülər avtomobili şpala çırpılmasın deyə istər-istəməz sürətlərini azaldır və saxlayırlar, piyadaların yolu keçməsi rahat olur.
Bizdə olsa, bunu gecəylə rənglədərlər. Məsələn, bir vəzifəli adamın sürücüsü belə piyada keçidinin önündə tormozlayan sürücüsünə acıqlanar, “yol verən centlmen çıxmısan, ə” deyə onu danlayar, sonra da telefonunu çıxarıb, yolu “pis günə qoyan” əlaqədar idarələrə tapşırıq verər ki, özünüzdən hoqqa çıxarmayın, “zebra”nı qaydaya salın.
Yük maşınının körpüdən uçduğu, avtobusların kütləvi şəkildə qırmızı işıqdan keçdiyi, hər gün yüz minlərlə sürücünün evinə qayda pozuntusu edərək qayıtdığı ölkədə belə incə şeyləri kimdir anlayışla qarsıyan? Bu baryerlə üzləşənlər mütləq var-yox söyüşü edəcəklər, şikayətçi olacaqlar, “bunu gördüm, qəfil tormozladım, arxadan gələn girdi maşınımın baqajına” deyəcəklər. “Bir az yavaş sürmək olmazdımı?” “Tələsirdim”. “Bura piyada keçididir, birdən zolaqların üstündə adam olardı, belindən keçəcəkdin?” “Fakt odur ki, adam yox idi, amma elə bildim betondur”.
Belədir bu ölkə. Bir neçə aydan sonra yol qəzasında ölənlərə, yaralananlara dair statistika açıqlayacaqlar, özünüz də görəcəksiniz ki, necə bir qada-bəlalı, xətalı ölkədə yaşayarıq. Hər üç ilimiz bir 44 günlük müharibəyə bərabərdir. Yollarda o qədər adam həlak olur – hər il 1000-in üzərində. 5 o qədər də yaralanan olur. Türkiyədəki qəzalar olmasa, Avropa birincisi özümüz olardıq.
Evindən rahat çıxan, arxayın şəkildə, tələsmədən işinin dalınca gedən adam nə qədər intizamlı və məsuliyyətli sürücü olsa da, bu, o demək deyil ki, o, evinə yüz faiz salamat qayıda biləcək. Belə şey yoxdur. Adamın maşınının üstünə yük maşını aşa bilər – Biləcəridəki kimi. Ya da arxadan 120 ilə gələn bir harın gədə onun avtomobilini arxadan vurub başqa maşınların önünə ata bilər – hər gün haralardasa olduğu kimi.
Bu anormal durumdan iki çıxış yolu var: 1. Hər 100-150 metrdən bir radar yerləşdirmək və radarların yaddaşından video silməyə söyüş qoymaq; 2. Xüsusi “qaynar xətt” açmaq, xuliqanlıq edən, bərk və pis sürən sürücülərdən videolu şikayət qəbul etmək.
İnsafən, birinci çıxış yolu üzərində iş gedir. 15-20 gün əvvələ qədər Bibiheybət məscidinə tərəf dikələn yolda radar yox idi, onda görürdün ki, bir cip böyründən “ğorrr” elədi və 5 saniyədə gözdən itdi. İndi ora radar qoyublar, ciplər, sedanlar, pikaplar və xetçbeklər dikdiri qalxanda da, enişi düşəndə qırmızı tormoz işığı ilə hərəkət edirlər. Az-az radarı vecinə almayanlar da var. Bunlar ya harasa gecikməkdənsə, cərimə ödəməyi üstün tutanlardır, ya da radar videosunu sildirə bilənlər. (Bu, sonuncu haqqında əldə səhih məlumat yoxdur, amma deyilənə görə, belə bir xidmət var, yaxınlaşırsan, dil tapırsan, kamera görüntülərini sıfırlayırlar).
İkinci məsələ isə daha realdır. Hazırda avtomobillərin çoxunda avtroregistrator var. Sadəcə, bir çox sürücülər özləri də bərkgedən olduqlarından “alə, bu işverənlikdir e, qədeş” deyə şikayətçi olmayacaqlar. Amma xüsusi “qaynar xətt” olsa, intizamlı sürücülər və az öncə vurulmaqdan qorxmuş piyadalar bu kampaniyada iştirak edə bilərlər. Ciddi deyirəm. Yolda zırramanın birinin avtomobilinin altında qalıb ölməkdənsə, ondan orqanlara “iş vermək”, başına iş açmaq, kimlərisə ölümdən xilas etmək daha yaxşıdır.
“Çürüməkdə olan Qərb dünyası” bu məsələni çoxdan həll edib. Onlarda demək olar ki, hamı neqativ hallardan, olaylardan, durumlardan şikayətçi olur. Yolda xuliqanlıq edənlərdən də, barda şuluqluq salanlardan da, hətta evdə vələdinin üstünə qışqıranlardan da. Bizdən gedən miqrantların ağlı gözəl ölkəmizə gedir, arvad-uşağını şapalaqlayanda, qonşular şikayət edir, sosial xidmətlərdən gəlir, uşağı əllərindən alır, özlərini də deportasiya hədələyirlər, aqressiv adamlar məcburən quzuya dönürlər.
Bu ölkədə də aqressiv adamları, o cümlədən zırrama sürücüləri quzuya döndərməyin yolu şikayət qəbul edən “qaynar xətt” təsis etməkdən və şikayətlərə kişi kimi baxmaqdan keçir. Yox, burada da ayrı-seçkilik ediləcəksə, varlı harınlar sərbəst buraxılacaq, yenicə qudurmuş kasıblar soyulacaqsa, o cür “xətt”lər olmasa, yaxşıdır.