AZ

Almabniyada ilk uzunmənzilli radar sistemi sifarişçiyə təhvil verilib

“Sachsen” sinifli F124 freqatlarda uzunmənzilli sensorların köhnəlməsinin aradan qaldırılması layihəsi (ObsWuF LV F124) çərçivəsində HENSOLDT şirkəti Parovdakı Almaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Texniki Məktəbinə ilk uzunmənzilli radar sistemini təhvil verib.

“Poliqon” HENSOLDT-a istinadən xəbər verir ki, radar sistemi HDQ-nin Texniki Məktəbində sınaq, istinad və təlim məqsədilə istifadə olunacaq.

Bildirilib ki, Parovdakı baza yalnız istifadəçilərin və texniki xidmət mütəxəssislərinin hazırlanmasına deyil, həm də gələcək inkişafların sınaqdan keçirilməsinə imkan yaradır.

“HDQ-nin Texniki Məktəbində ilk uzunmənzilli sensorun quraşdırılması layihə çərçivəsində mühüm bir addımdır. Radarlar hava məkanının nəzarətində maksimal performans təqdim edir. Bu, Almaniyada indiyədək alınmış ən güclü radar sistemlərindən biridir. Onlar yalnız gəmilərdə deyil, həm də quruda istifadə oluna bilər”, – deyə HENSOLDT-un Dəniz və Quru Radarları bölməsinin rəhbəri Markus Rotmayer vurğulayıb.

F124 freqatı üçün ümumilikdə üç TRS-4D LR uzunmənzilli radarı və Parovdakı HDQ-nin Texniki Məktəbi üçün bir sistemin tədarükü layihəsinə 2021-ci ildə başlanılıb. Bu məqsədlə HENSOLDT, İsrailin “Israel Aerospace Industries” şirkətinin törəməsi olan “ELTA Systems” ilə strateji əməkdaşlıq qurub. Bu S-band radarları Almaniya Silahlı Qüvvələrinə ilk dəfə olaraq ballistik raketdən müdafiə imkanları qazandıracaq.

Almaniya HDQ üçün nəzərdə tutulan layihədən əlavə, HENSOLDT həmçinin Almaniya Hərbi Hava Qüvvələri üçün “Hughes Air Defence Radar Successor” (HADR NF) proqramı çərçivəsində quru əsaslı hava məkanının nəzarət sistemlərinin modernləşdirilməsi üzrə müqavilə qazanıb.

Burada da dizayn baxımından böyük ölçüdə eyni olan və “ELTA Systems” ilə əməkdaşlıq çərçivəsində istehsal edilən TRL-4D LR radar sistemlərindən istifadə olunacaq. Bu isə müştəriyə logistik təchizat və sistemlərin uzunmüddətli istismarı baxımından üstünlüklər verir. Gələcək inkişaflar bütün sistemlərə tətbiq edilə və beləliklə, daha qənaətli şəkildə təqdim edilə bilər.

Hər iki layihədə HENSOLDT podratçı qismində çıxış edir və ötürücü və qəbuledici modulları istehsal etməklə, komponentlərin Almaniyada təchizatını təmin edir.

Seçilən
39
1
poliqon.az

2Mənbələr