AZ

Üç nəfəri zəhərli göbələk ilə öldürən qadın ömürlük həbsə məhkum edildi

Ajans.az BBC-ə istinadən xəbər verir ki,məhkəmənin qərarına əsasən, o, ən azı 33 il müddətində şərti azadlığa çıxmaq hüququna malik olmayacaq. Bu, Avstraliyada qadınlara verilən ən ağır cəzalardan biri kimi tarixə düşüb. 2023-cü ildə Erin Patterson evində ailə üzvləri üçün bişirdiyi naharda zəhərli ölümcül göbələk (death cap mushroom) istifadə edib. Nəticədə, 70 yaşlı Don və Gail Patterson, eləcə də 66 yaşlı bacısı Heather Wilkinson dünyasını dəyişib. Heatherin əri, yerli pastor İan Wilkinson ağır vəziyyətdə komaya düşsə də, sağ qalmağı bacarıb. Hadisə zamanı Erin Pattersonun keçmiş həyat yoldaşı Simon Patterson da dəvət olunmuşdu, lakin onun illərdir arvadının özünü zəhərləməyə çalışdığına dair şübhələri səbəbilə son anda nahara qatılmaqdan imtina edib. Patterson özünü günahsız elan edərək, göbələklərin təsadüfən yeməyə düşdüyünü və heç kimə zərər vermək niyyətində olmadığını iddia edib. Ali Məhkəmənin hakimi Kristofer Beale bildirib ki, Pattersonun cinayətləri "ən ağır və iyrənc kateqoriyaya" aiddir və maksimum cəza tələb edir. O, qərarında əlavə edib ki, Pattersonun qurbanlara qarşı heç bir mərhəmət göstərməməsi və peşmanlıq hissi keçirməməsi cəzanın sərtləşdirilməsinə səbəb olub: “Onlar xəstəxanada həyatları uğrunda mübarizə apararkən sizdən bircə dəfə belə rəhm görmədilər. Sizin peşmançılıq hissi keçirməməyiniz bütün bu yaralara duz səpdi.” Hakim qeyd edib ki, Patterson artıq 15 aydır ki, maksimum təhlükəsizlikli həbsxanada təkadamlıq kamerada saxlanılır və onun təhlükəsizliyinə yönəlmiş təhdidlər gələcəkdə də davam edə bilər. Məhkəmə Pattersonun üç ömürlük həbs cəzasını ardıcıl şəkildə çəkməsinə və İan Wilkinson-u öldürməyə cəhd maddəsi üzrə əlavə 25 il həbs cəzası almasına qərar verib. Məhkəmədən sonra zəhərlənmədən sağ çıxan yeganə şəxs, İan Wilkinson, ailəsinin faciəvi şəkildə məhv olmasından danışıb. O, məhkəmənin ədalətli qərar verdiyini və həyat yoldaşını, yaxınlarını itirməyin onun üçün ömürlük bir ağrı olduğunu bildirib.

 

Seçilən
82
Ajans.az

1Mənbələr