AZ

Paşinyan hakimiyyətdə qalacaqmı? – Diqqətçəkən ANALİZ

Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri təkcə ölkənin daxili siyasi həyatına deyil, bütövlükdə regionun gələcək siyasi mənzərəsinə təsir edəcək. Bu seçkilərin nəticələri Ermənistanın xarici siyasət kursunu müəyyənləşdirəcək, xüsusən də Azərbaycanla sülh prosesi, Zəngəzur dəhlizinin açılması və Qərbin regiondakı mövqeyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Politoloqlar hesab edirlər ki, Avropa İttifaqının indidən bu seçkilərə maraq göstərməsi Qərbin Ermənistan üzərində təsir imkanlarını daha da artırmaq niyyəti ilə bağlıdır.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqının Ermənistanda gələn il keçiriləcək parlament seçkilərinə indidən diqqət göstərməsi bu seçkilərin region üçün xüsusi əhəmiyyət daşıdığını göstərir. Onun sözlərinə görə, Qərb üçün Paşinyanın hakimiyyətdə qalması mühüm əhəmiyyət kəsb edir:

“Paşinyanın qələbəsi təkcə region üçün yox, Avropa üçün də böyük rol oynayır. Zəngəzur dəhlizi ilə bağlı ABŞ nəzarətində Azərbaycan-Ermənistan razılaşması fonunda Paşinyanın hakimiyyətdə qalması vacibdir. Ona görə də Aİ vaxt itirmədən seçkilərə təsir imkanlarını gücləndirməyə çalışır, xüsusən də informasiya müstəvisində”.

Politoloq qeyd edib ki, son dövrlər Qərbin Ermənistanda təsir imkanları artan xətt üzrə inkişaf edir:

“ABŞ-ın Ermənistanda uzunmüddətli möhkəmlənməsi artıq reallıqdır və bu, Rusiyanın təsirini minimuma endirir”.

Qasımovun sözlərinə görə, Ermənistan cəmiyyətinin əksəriyyəti Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır:

“Sülh müqaviləsi şərtlərinin parçalanması Paşinyanın əlini gücləndirir. Erməni toplumu revanşist qüvvələrin, xüsusən də Rusiyanın dəstəklədiyi siyasətçilərin hakimiyyətə qayıtmasına imkan verməyəcək. Paşinyanın hakimiyyətdə qalması ehtimalı yüksəkdir. Əslində, bu, Rusiyaya da sərf edir. Çünki regionda gərginlik Moskvanın maraqlarına uyğun deyil. Azərbaycan və Türkiyə də Paşinyanın hakimiyyətdə qalmasında maraqlı tərəflərdir və bu istiqamətdə səylər göstərmələri istisna deyil. Vaşinqtonda imzalanan sənədlər də müəyyən mənada bu hədəfə xidmət edir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
109
36
editor.az

10Mənbələr