Bakıda Azərbaycan Rəqs Şurası (AzDC) və SRDS Beynəlxalq Rəqs Şirkətinin (Smooth & Rhythm Dance Style) təşkilatçılığı ilə WADF Bədii Bal Rəqsləri (Smooth) üzrə dünya çempionatı və bütün "WADF" üslubları üzrə dünya kubokları keçirilib.
Yeniazerbaycan.com xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Festivalda 14 ölkədən nümayəndələr iştirak edib və hər biri öz ölkəsinin mədəniyyətini təqdim edib.
AzDC Katibliyinin rəhbəri Eldar Cəfərov açıqlamasında bildirib ki, keçirilən müsabiqə çərçivəsində müxtəlif janrlarda rəqs növləri nümayiş olunur: “Bal və latın rəqsləri, teatr və artistik rəqsləri, xalq rəqsləri, “street dance”, “hip-hop” və digər janrlarda çıxışlar təqdim edilir. Bu, həm yaradıcılıq baxımından, həm də mədəni müxtəlifliyin təşviqi baxımından olduqca əhəmiyyətlidir”. O, açıqlamasında bildirib: “WADF kimi nüfuzlu beynəlxalq təşkilatın AzDC-ni tanıması bizim üçün tarixi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın dünya rəqs mədəniyyətinin əsas mərkəzlərindən biri kimi tanınması istiqamətində atılmış strateji addımdır”.
Festivalda ölkəmizi özbək rəqsi ilə təmsil edən iştirakçı Aslana Ali fikirlərini bölüşüb: "Bu günki tədbirdə iştrak eləmək mənim üçün qürurverici hissdir. Özbək rəqslərinə həvəs və sevgim böyükdür. İki ilə yaxındır ki, təhsil alıram. Düşündüm ki, tədbirdə özbək rəqsi ilə çıxış etsəm daha yaxşı olar. Artıq bir neçə dəfədir ölkəmizdə bu rəqsi təqdim edirəm, qeyd edim ki, bir müddət öncə Özbəkistanda müstəqillik günü ilə bağlı Özbəkistan Dövlət rəqs Ansamblı ilə oranın prezidenti qarşısında da çıxışımız oldu. Nə xoş mənə ki, bu günki çıxışımda da 2 ci yerə layiq görüldüm".
Turnirdə 14 ölkədən təmsil olunan rəqqaslar bədii rəqsin müxtəlif növlərini nümayiş etdiriblər. Tədbir boyu iştirakçılar öz ölkələrinin mədəniyyətini və rəqs ənənələrini təqdim edərək səhnədə rəngarəng və peşəkar çıxışlarla yadda qalıblar.
Festivalın əsas məqsədi isə uşaqlar arasında dostluq və birliyin gücləndirilməsidir.
Qeyd edək ki, festivalın sonunda iştirakçıların mükafatlandırma mərasimi keçirilib.