AZ

Sahildə dəhşətli anlar –Uşaqlar qum çökməsindən xilas edildi

Cənubi Kaliforniyanın Nyupor-Biç sahilində istirahət edən iki uşaq təhlükəli vəziyyətlə üzləşib.

Azpost xəbər verir ki, onlar özlərinin qazdıqları qum çuxurunda oynayarkən dalğaların sahilə çırpılması nəticəsində islanmış qum bərkimiş və uşaqların ayaqlarını sıxaraq hərəkətsiz qoyub.

Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə uşaqlar sadəcə əylənirdilər, lakin dalğalar çuxuru su ilə doldurub, divarların içəriyə çökməsinə səbəb olub. Bu zaman uşaqlar belinə qədər qumun altında qalıb və çıxmaq imkanları olmayıb. Panikaya düşən valideynlər və digər insanlar onları xilas etməyə çalışsalar da, dalğalar prosesi çətinləşdirib.

Yalnız xilasedicilərin vaxtında müdaxiləsi faciənin qarşısını alıb. Onlardan biri diz çökərək qumu əlləri ilə boşaltmağa başlayıb, digərləri isə müvəqqəti sədd qurmağa cəhd edib. Bir neçə dəqiqəlik gərgin əməliyyatdan sonra uşaqlar xilas edilib.

Xilasedicilərin kapitanı Mark Herman Fox 11 telekanalına açıqlamasında bildirib ki, belə hallarda qum qəfil ağırlaşır və uşaqlar tamamilə basdırıla bilər. Onun sözlərinə görə, tunel və ya dərin çuxurlar daha böyük təhlükə yaradır, çünki çöküntü nəticəsində nəfəs almaq mümkün olmur.

Hadisə şahidlərindən biri olan Britni Hud yaşananları dəhşətlə izlədiyini və bu anı heç vaxt unutmayacağını deyib. Onun sözlərinə görə, uşaqların sağ qalması böyük xoşbəxtlikdir.

Xilasedicilər vurğulayıb ki, bu cür qum çökmələri tez-tez baş verir və insanların düşündüyündən daha təhlükəlidir. Quru qum dayanıqlı görünsə də, suyun təsiri ilə tez çökür və tələ rolunu oynayır.

AzPost.az

Seçilən
8
1
azpost.info

2Mənbələr