AZ

İlqar Mustafayev özünü təqsirli bilmədi

BAKI, 8 sentyabr. TELEQRAF

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində olan ittihamı oxuyub.

Dövlət ittihamçısı İlqar Mustafayev, Rəşad Bədəlova Fuad Babayevə aid olan ittihamıarı açıqlayıb.

İttihama münasibət bildirən İlqar Mustafayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, ittihamın mahiyyəti ona aiddir. Özünü qəti təqsirli bilməyib.

Digər iki təqsirləndirilən şəxslərdə ittihamın mahiyyətini başa düşüblər. Onlar da özlərini təqsirli bilməyiblər.

Dövlət ittihamçısı əvvəlcə təqsirləndirilən şəxslərin dindirilməsini, daha sonra şahidlərin ifadə verməsini təklif edib.

Vəkillər buna etiraz etməyiblər. Hakimlər dövlət ittihamçısının təklifi ilə prosesin aparılması qaydası barədə qərar qəbul ediblər.

İlqar Mustafayevə ifadə vermək üçün söz verilib. Lakin o, çıxışının uzun olduğunu deyib və növbəti iclasda ifadə verəcəyini bildirib.
Növbəti proses sentyabrın 29-da davam edəcək.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəməkdə təqsirli biliniblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.

Seçilən
0
19
teleqraf.com

10Mənbələr