BAKI, 8 sentyabr. TELEQRAF
Bakıda daşınmaz əmlak və torpaq bazarı üzrə qiymətlərdə artım olub.
Bu barədə Teleqraf-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.
Məlumata görə, 2025-ci ilin avqustunda ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 sot torpaq sahəsinin orta qiyməti 17% artıb. Cari ilin iyul ayı ilə müqayisədə isə 1 sot torpağın orta qiyməti 2,3% yüksəlib.
Avqustda qeyri-yaşayış obyektləri ötən illə müqayisədə 13,5%, iyul ilə müqayisədə isə 1,1% bahalaşıb.
Paytaxtda yeni tikili mənzillərdə illik bahalaşma 15,6%, köhnə tikili mənzillərdə isə 11,4% olub. İyula nəzərən yeni tikili mənzillərin qiymətində 1,7%, köhnə tikili mənzillərin qiymətində isə 0,2%-lik artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə cari ilin avqustunda Bakı şəhərində fərdi yaşayış evləri 14% bahalaşıb. İyul ilə müqayisədə isə bu sahədə artım 1% olub.