Rusiya Moldovada seçkilərə təsir göstərmək üçün genişmiqyaslı dezinformasiya kampaniyası başladıb. ABŞ hakimiyyət orqanları isə bu prosesə hələlik reaksiya verməyiblər.
Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
28 sentyabrda Moldovada parlament seçkiləri keçiriləcək. Analitiklər və Avropa rəsmilərinin sözlərinə görə, Rusiya tərəfindən aparılan təbliğat “intensiv” və “misilsiz” xarakter daşıyır.
Minlərlə saxta video və paylaşım “TikTok”, “Telegram”, “Facebook”, “Instagram” və “YouTube” vasitəsilə yayılır. Saxtakarlıq üçün süni intellekt alqoritmlərindən və media-diversiyalardan istifadə olunur. Məsələn, ABŞ-ın OK! jurnalının üz qabığı imitasiya edilib və orada prezident Maya Sandu uydurma şəkildə “məşhurların sperma donorluğunu təşkil etməkdə” ittiham olunub.
Araşdırmalarda Kremlə bağlı 900-dən çox hesab aşkarlanıb və onlar eyni vaxtda eyni məzmunu paylaşırlar. Milli Polis hər gün yüzlərlə yeni botu ifşa edir. “TikTok”un məlumatına görə, yaxınlarda 100 mindən çox izləyicisi olan 314 hesabdan ibarət saxta şəbəkə silinib.
Dezinformasiya kampaniyasında daha əvvəl ukraynalı qaçqınlarla bağlı yalan xəbərlər yayan “Matryoşka” qrupu da iştirak edir.
Məlumata əsasən, Moldova “sınaq poliqonu”na çevrilib və bu model gələcəkdə Avropanın digər ölkələrinə qarşı da tətbiq oluna bilər. Bildirilir ki, əməliyyata şəxsən Sergey Kiriyenko rəhbərlik edir.
ABŞ əvvəllər seçkilərə bu cür müdaxilələrlə mübarizə aparırdı, lakin Tramp administrasiyası müvafiq proqramları dayandırıb. Hətta Moldovadakı institutlara və mediaya dəstək üçün ayrılan 50 milyon dollar da bu siyahıdan çıxarılıb.
Musavat.com