AZ

Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun qısa, maraqlı tarixçəsi

(Portret cizgiləri)

 

Yaxşı yadımdadır ki, düz 60 il bundan qabaq Masallı şəhər Nəriman Nərimanov adına 2 nömrəli orta məktəbin doqquzuncu sinifinə getdim. Bu məktəb bir neçə il  idi ki, inşa olunmuşdu və Masallının universiteti adlanırdı. Rayonun mərkəzində də yeganə orta məktəb idi. Ona görə də rayonun demək olar ki, əksər kəndlərində səkkizinci sinifi bitirənlər orta təhsil almaq üçün bu məktəbə gəlirdilər. Uzaq kəndlərdən gələnlər üçün ayrıca yataqxana ( internat)  da ayırmışdılar və onlar orada qalırdılar. Masallının ən savadlı müəllimləri də məhz bu məktəbdə dərs deyirdilər. Həmin il rayonun kəndlərindən  9-cu sinifdə oxumağa 175 nəfər orta təhsil almaq, gələcək arzularını reallaşdırmaq üçün yeniyetmələr, gənclər  gəlmişdi.  Ona görə də beş doqquzuncu sinif yaratmışdılar.  Bax, həmin ilin sentyabr ayın 1-də biz onunla tanış olduq. Məmmədəli Abasqulu  oğlu Əlinağıyevlə.  Məmmədəli ilə mən bir sinifdə- 9-c-də oxumağa başladıq. Bu məktəbdə oxumaq doğrudan da çox maraqlı idi. Yuxarıda dediyim kimi həmin vaxtı Masallıda təkcə müəllim yox, alim səviyyəsində biliyi olan müəllimlər- İsa müəllim, Arif müəllim, Rza müəllim, Mirnuf müəllim, Əlihüseyn müəllim, Nurulla müəllim, Seyidağa müəllim, Natiq müəllim, Adəm müəllim və onlarca başqa pedaqoqlar  məhz bu təhsil ocağında  dərs deyirdilər. Məktəbin direktoru isə Şəfiqə xanım Abdullayeva idi. İxtisası riyaziyyat olsa da, başqa fənləri də çox yaxşı, mükəmməl  bilirdi. Şəfiqə müəlliməni mən hələ Digah kənd səkkiz illik məktəbində oxuyan vaxtdan tanıyırdım. Ali məktəbi bitirəndən sonra təyinatla bu məktəbə göndərilmişdi. Bizim həm sinif rəhbərimiz və həm də riyaziyyat müəllimimiz idi. Məhz onun sayəsində mən riyaziyyatı çox yaxşı oxuyurdum. Artıq biz altıncı sinifdə oxuyanda onu Masallı Nəriman Nərimanov adına orta məktəbə riyaziyyat müəllimi, direktor müavini  aparmışdılar və bir il sonra isə bu məktəbin direktoru olmuşdu.

Biz artıq Masallı məktəbində oxuyanda həmin vaxtı hər bir sinif divar qəzeti buraxırdı. Bütün siniflər bir-biri ilə yarışa girmişdilər ki, “görək kim yaxşı divar qəzeti buraxır”. Həm də yaxşı divar qəzetləri məktəb rəhbərliyi tərəfindən mükafatlandırılırdı. Bizim sinif “Bahar” adlı divar qəzeti buraxırdı. Daha doğrusu bu qəzeti Məmmədəli ilə mən buraxırdıq. Məmmədəli yaxşı şəkillər çəkirdi və mən də yazılar, dörd sətirlik şeirlər yazırdım. Eləcə də başqa tanınmış şairlərin məktəblə, tərbiyə ilə, müəllimlə, Vətənlə bağlı şeirləini, maraqlı fikirlərini seçib divar qəzetində yazırdıq. Bizim qəzet daha çox satirik olduğuna görə, bu divar qəzetinə məktəbdə maraq başqa divar qəzetlərinə nisbətən  çox idi. Tərif  üçün demirəm. O vaxtı məktəbdə ən yaxşı və maraqlı qəzet sayılırdı Məmmədəli ilə mənim buraxdığım “Bahar” qəzeti. Hətta orada yazılan satirik yazılara, karikaturalara görə orta məktəb yoldaşlarımız bizdən inciyirdilər. Bəzən isə dalaşırdılar. Həmin vaxtı Məmmədəli və mən hər ikimiz idmanla məşğul olduğumuza görə özümüzü qorumağı bacarırdıq...

Dediyim kimi bizim divar qəzeti çox maraqlı olduğuna görə məktəbin direktoru Şəfiqə müəllimənin göstərişilə biz həm də məktəbin ümumi  divar qəzetini də buraxmağa başladıq. O vaqxt başqa siniflərdə oxuyan və sonralar jurnalist təhsli alanlar, Əməkdar jurnalist, rəhmətlik Vasif Səmədov,  rəhmətlik Asəf Ağayev,  bu gün də çox maraqlı və peşəkar həkim olan Loğman Əliyev və sonralar pedaqoji təhsil alan, çoxlu şeirlər kitabının müəllifi Gülbuta xanım Abıyeva da bizimlə birlikdə həmin qəzeti buraxmağa başladılar. Bu divar qəzeti də çox oxunaqlı oldu. Həmin  vaxtı mənim məktəbdə yaratdığım dram dərnəyi də çox məşhur idi. Orada da çoxlu satirik səhnəciklər hazırlayırdıq. Bu dərnəyin isə ən fəal üzvlərindən biri elə Məmmədəli idi. Çünki onun çox gur səsi vardı və yüksək aktyorsayağı şeirlər deyirdi və bu şeirlər həmişə də maraqla qarşılanırdı.

... Beləliklə, həyatımızın daşlı-kəsəkli, acılı, ağrılı, sevincli  altmış ilini arxada qoyduq.  Artıq hər ikimiz 75 yaşına gəlib çatdıq... İndi isə əziz oxucular sizi Məmmədəli  Abbasqulu oğlu Əlinağıyevlə və onun həyatında çox böyük rol oynayan, birinci müəllimi olan atası Abbasqulu kişinin həyatı ilə daha yaxından tanış etmək istəyirəm. İnanıram ki, bu gün Masallının ən böyük ziyalılarından, yüksək təşkilatçı rəhbərlərindən biri olan Məmmədəli müəllimin həyat tarixçəsi sizin üçün maraqlı olacaq. Belə bir maraqlı deyim var: “Dünyaya gəlmək asandı, amma şəxsiyyət kimi formalaşmaq çox çətindir. Buna görə insanda ilk öncə savad və  zəhmətsevərlik lazımdır. Bu da, həyatda çox az insana nəsib olur”. Bax, Məmmədəli Əlinağıyev də ömürürn bu 75 ilində çox maraqlı şəxsiyyət kimi formalaşdı. Əlbəttə, insanın həyatda formalaşmasında ailənin də böyük köməyi olur. Yəni o valideynlər ki, övladlarının yaxşı gələcəyi üçün onlara daha çox diqqət yetirirsə, onların yaxşı savad almasına var-qüvvələrilə çalışırlarsa, həmin uşaqlar doğurdan da  təkcə valideynləri üçün yox, həm də xalq üçün böyük şəxsiyyətlər kimi yetişir və ölkəsinə, dövlətinə layiqincə xidmət edirlər.

Əfsus ki, biz müstəqillik qazandığımız vaxtlardan bu meyar unuduldu və valideynlər, müəllimlər uşaqları “Allahın ümidinə” qoydular. Məktəblərdə dərslər yaxşı keçirilmədi. Bununla da savasızlıq baş alıb getdi. İndi baxmayaraq ki, övladlarımızın çoxu ali təhsil alıblar, amma heç  əsl orta məktəb səviyyəsində biliyə malik deyillər. Bir millətidə məhv etmək üçün onun təhsilini və səhiyyəsini əlindən almaq kifayətdir.

Mən belə fikirləşirəm ki, Məmmədəli Əlinağıyevin savadlı, yaxşı mütəxəssis və böyük təşkilatçı insan kimi yetişməsində onun atası Abbasqulu kişinin  çox böyük köməyi olduğuna görə də ona ilk sualı atası haqqında verdim.

-Məmmədəli müəllim ilk öncə Masallının inkişafı üçün böyük işlər görən atanız Abbasqulu kişi haqqında ətraflı məlumat verin. Qoy təkcə Masallı camaatı yox, məmləkətimizdə bu yazını oxuyan insanlar görsünlər ki, həyatlarını Azərbaycanın quruculuğu yolunda şam kimi əridən belə maraqlı kişilər olub.

-Açığı mən bu haqda danışmağı çox da xoşlamıram. Həmişə deyirəm ki, hər bir insan həyatda özü-özünə yol açmalı, öz taleyini özü həll etməlidir.  Məşhur Hind ictimai xadimi, baş naziri  Cəvahirləl Nehru deyib ki, “ Adamların məharəti onların təfəkkürünün doğru əks etdirilməsindədir. Ona görə də hər bir insan əgər fənəri arxasınca gəzdirərsə öz yoluna kölgə salar”. Bəli. O insan həyatda uğur qazanır ki, ilk öncə əlində tutduğu fanarla öz yoluna işıq salır. Əlbəttə, bu yolda sözsüz ki, valideynlərin, müəllimlərin də əməyi çox böyükdür. Çünki bu fanarı onların əllərinə verən, bu fanardan necə istifadə etməyi öyrədənlər də valideynlər və müəllimlər olur.  Bu gün siz  mənim 75 illik həyatımı vərəqlədiyiniz  bir vaxtda əlbəttə, atam haqda deməsəm yəqin ki, yaxşı olmaz. Həm də bunu demək lazımdır ki, yazılı ədəbiyyatda qalsın.

Atam, Abbasqulu Əlinağı oğlu Mirzəyev 1899-cu ildə Masallı rayonunun Zuvandlı (indiki Köhnə Zuvand) kəndində anadan olmuşdur. Kənddə məktəb olmadığı üçün o vaxtın tanınmış din xadimi Molla Hüseyndən dini təhsil alaraq ərəb əlifbasını, latın və kiril əlifbalarını öyrənib. Bundan başqa atam çox avazla  yaxşı quran oxuyurdu.

O, 1937-ci ildə  Zuvandlı kəndində kolxoz sədri seçilib.  Kolxozun ilk illərində orada çalışanlar heyvandarlıq və əkinçiliklə məşğul olurdular. Torpaqlar öküzlərlə xış vasitəsi ilə şumlanırdı. Ona gödə də bir neçə cüt öküzlər yetişdirilirdi. Əkinçilikdə əsasən buğda, arpa, kartof və soğan əkirdilər. Çünki bizim yaşadığımız Zuvandlı  sahəsi kiçik dağlıq olduğuna görə torpaqlar münbit olduğu üçün orada bu bitkilər daha məhsuldar olurdu. O vaxtı anbarlar tikilir. İstehsal olunan məhsullar işçilərə işlədikləri əmək gününə uyğun olaraq verilirdi. Məhsullardan növbəti il üçün toxumlüq ayrılaraq ambarlara yığılır və müəyyən qədər ehtiyat fondu ayrılırdı. Həmin vaxtdan başlayaraq, 1950-ci ilə qədər kolxozda fermalar tikilərək  heyvandarlıq briqadaları yaradıldı.  Yəni burada mal-qara saxlamağa da yaxşı şərait vardı. Yaşıl otlar, meşələr maldarlıq üçün də çox əlverişli idi. Ana mallara, cavan mallara,  işçi öküzllərə və qoyun sürülərinə briqadirlər və işçilər təyin edilirdi. Onlar da böyük cavabdehliklə öz işlərini görürdülər. İndi torpaqlar paybəlli kimi adamlara verilib və  həmin torpaqda  bu gün də buğda, arpa, kartof, soğan, çiyələk  və tərəvəz  bitkiləri əkirlər.  Əldə olunan məhsulları ailə ehtiyacı üçün və artıq qalan məhsulu bazarda satırlar. Yəni  sevindirici haldır ki, indiki kəndçilər də ata-babalarının yolunu davam etdirirlər. 

Həmin vaxtı kəndin qarşısından axan çayın kənarında un üyüdülmək üçün dəyirman tikilmişdi. Əhali öz ehtiyacına uyğn dəyirmanda un üyüdürdülər. Təsəvvür edirsinizmi?  Müharibədən sonrakı aclıq illərində kənndə heç kim əziyyət çəkmirdi.  Hətta qonşu kəndlərin camaatına da köməklik edirdilər ki, onlar acından ölməsinlər. Təvazökarlıqdan uzaq olsa da deyim ki, bu müqəddəs işdə atamın çox böyük köməyi olurdu. Bir ağsaqqal kimi hamı da onu eşidirdi və evində qalan artıq məhsulları həmin kəndlərin camaatına pulsuz verirdilər. Kənd camaatının güzəranı yaxşı olduğuna görə adamlar yeni evlər tikdilər  və köhnə evlərinin üstündəki qamışları, ot-ələfi kənara atdılar. Çünki həmin vaxtı  əhalinin  ehtiyacını yaxşılaşdırmaq  üçün kənddə kirəmid sexi də tikildi. Beləliklə, evlərin üstü dəyişilərək,  kirəmidlə örtüldü. Bundan sonra evlər daha abad və yaraşıqlı görünürdü.

1948-ci ildə Zuvandlı kəndində kənar kəndlərdən bacarıqlı ustalar cəlb edərək məktəb binası tikildi. Məktəbə kənardan müəllimlər də cəlb edildi. İlkin olaraq 7 illik təhsil məktəbi oldu.  Hətta məktəbdə internat yaradılaraq qonşu Yolağac kəndindən və Yardımlının Ləzir kəndində uşaqlar cəlb edilərək internarda qalıb təhsil alırdılar.  Dağ kəndi olmasına baxmayaraq bu məktəbdə dərs deyən müəllimlər rayon səviyyəsində yaxşı məktəblərdən  hesab olunurdular.  Sonradan bu məktəbin yetişdirmələri ali məktəblərdə təhsil aldılar.  Onların içindən  çoxlu alimlər və tanınmış insanlar yetişdi.  1950- ci ildən sonra məktəbin yetişdirməsi əmim Fərman Əlinağı oğlu Mirzəyev üzun müddət bu məktəbin direktoru oldu və “Əməkdar müəllim”  adı aldı. Fərman müəllimin iki oğlu Cəbrayıl, Arif və bir nəvəsi  Babək elmər doktoru səviyyəsinə yüksəliblər. Bu kənddə çoxlu ali təhsilli və müxtəlif peşə sahibləri olan insanlar yetişib.

O vaxtlar dövlət tərəfindən verilən göstərişə əsasən kiçik kolxozların birləşməsinə göstəriş verildi. Ona görə də  1950-ci ildə Güllütəpə, Tatyanoba, Yolağac və Zuvandlı kəndləri birləşdirildi. Kolxoz sədrliyinə hər kənddən bir neçə nəfər namizəd irəli sürüldü. Rayondan gələn rəhbərlər namizədlərə bir qəzet veriblər ki, bunu kim üzündən oxuya bilər? Qəzeti yalnız atam Abasqulu kişi  çox səlif formada oxuyub. Sonra da oxuduqlarını  səlis formada da  danışıb. Məhz buna görə də onu seçicilərin səsvrməsinə buraxıblar. O, səs  çoxluğu ilə birləşmiş kolxolardan yaranmış Andreyev adına kolxozun sədri seçilib. Güllütəpə kəndi də ortada olduğuna görə  mərkəz olub. Yeni yaradılmış kolxoza kəndlilərdən könüllü olaraq inəklər, camışlar, qoyunlar, kəllər və atlar yığılıb. Yeni fermaların tikintisinə başlanılıb.  Hər kənndə fermalar tikilməyə başlayıblar. Hər kəndə ferma müdirləri təyin ediblər. 1954 cü ildə Güllütəpə kəndində yerli materialdan qırmızı kərpic kürələri tikilmişdi. Ona görə də bu materialdan  40 metr üzunluğunda idarə binası tikilərək və qısa müddətdə təmir edilərək istifadəyə vrilib. Burada rəhbər otağı, mühasiblərin otaqları, digər mütəxəssislər otağı, kitabxana, klub vardı. Həmin kluba tez-tez rayon mərkəzindən və başqa yerlərdən musqiçilər, müğənnilər və aktyorlar gəlirdi. Hətta Bakıdan  Milli  Akademik Dram Teatrı kollektivi 1958- ci ildə kəndimizə gəlib, həmin klubda Cəfər Cabbarlının   “Solğun çiçəklər” tamaşasını göstərmişdirlər. O vaxtı belə  kollektivlər gələndə  bu kəndlərdə əsl bayram olurdu. O vaxtlar  torpaqlar şumlanırdı və əsasən tütün, buğda , arpa, noxud, mərci, çəltik bitkiləri əkilirdi. I956-ildən Zuvandlı kəndindən Güllütəpəyə qədər, Güllütəpədən rayon mərkəzinə getmək üçün Köhnə Alvadı kəndinə  qədər yol çəkildi. Onu da qeyd edim ki, Zuvandlıdan Yolağacı kəndinə qədər yolu əl ilə çəkmişdilər. Bu da çox çətin iş  idi. O vaxtı fermalar genişləndirildi,  kənddə qonaq evi, uşaq baxcası və hamam tikildi. Bütün kənlər üzrə kənd arası yollar əsaslı təmir edilməyə başlanıldı. Texnika olmadığından bütün işlər əl ilə və kəl arabaları ilə icra olunurdu.

Əkinçilikdən yüsək məhsul əldə edildiyindən və maldarlıqda işlər yaxşı olduğundan əhalinin vəziyyəti çox yaxşı idi. İşçilərə əmək haqqı kimi verilən məhsulardan tələbatdan artıq qalanını onlar Masallı  bazarında satıb pul əldə edirdilər. Ona görə də Masallı bazarına qonşu rayonlardan da çoxlu adamlar gəlib alver edirdilər. Çünki  o vaxtı bu bazarda hər şey çox ucuz idi. Desəm ki, həmin vaxtı insanlar kommunizimdə yaşayırdılar, buna inanın...

1961-ci ildə göstərişə əsasən Güllütəpə kolxozu qonşu Yeyənkənd kolxozuna birləşdirildi. Atamın ali təhsili olmadığı üçün birləşmiş kolxoza rayon maarif şöbəsinin müdiri işləmiş Ağababa Adgözəlov kolxoz sədri təyin  oldu. Atam isə müavin oldu. Bu birləşmə effet vermədiyi üçün 1964-cü  il oktyabar ayında kolxozlar ləğv edilərək,  Güllütəpədə Səməd Vurğun adına sovxoz yaradıldı. O vaxtı atamın 65 yaşı vardı. Ona görə də pesiyaya çıxdı. Baxmayaraq ki, o, vəzifədən çıxmışdı, amma yadımdadır ki, həmin bölgənin ağsaqqalı sayılırdı və bütün xeyirdə, şərdə başda olurdu. Atam  Abbasqulu kişi  baxmaraq ki, 1985-ci  ildə haqq dünyasına qovuşdu, amma bu gün də o bölgədə onun adı həmişə yüksək səviyyədə çəkilir. Hamı ona rəhmət deyir. Sizə  bir fikiri səmimi etiraf eləyim. Son vaxtlar atamı tez-tez yadıma salıram. Və həmişə də beynimdən bu sözlər keçir: “Belə deyirlər  ki, göydəki ulduzlar haqq dünyalarına qovuşan insanlardır. Sən mənim göydəki ən parlaq ulduzumsan ata. Ömrüm boyu sənin qoyduğun yolu getmişəm və həmişə də sənin kimi böyük ürəkli olmağa, hamıya kömək etməyə çalışmışam. Bilmirəm bacarmışam ya yox, amma ən əsası odur ki, səni həmişə çox sevmişəm. Sevirəm...”.  ( Məmmədəli kövrəldi. Bir qədər susdu və sonra bu sözləri dedi.) Bax, mən belə bir insandan tərbiyə aldığıma görə həyatım boyu həmişə çalışmışam ki, onun adını uca edəm. Ata,  övladların söykəndiyi ən uca dağdır.

-Üzünüzə demək olmasın. Bu gün də Masalılıda sizin atanız  haqqında hamı xoş  sözlər danışır. Elə Masallıdan Zuvandlıya qədər olan iyirmi kilometrdən çox yolun məhz sizin atanız  Abbasqulu kişi tərəfindən çəkilməsini Masallıda kim unuda bilər? Məmmədəli müəllim istəyirəm ki, öz həytınızın da qısa tarixçəsini  elə özünüzdən eşidək.

-13 sentyabr 1950-ci ildə Masallı rayonu Güllütəpə kəndində anadan olmuşam. Güllütəpə kənd 8-illik məktəbini bitirib, Masallı şəhər Nəriman Nərimanov adına  2 nömrəli tam orta məktəbdə təhsilimi davam etdirmişəm. Burada oxumaq çox maraqlı idi. Yadınızdadırsa həmin il rayonun kəndlərindən 9-cu sinfdə oxumağa 175 nəfər uşaq gəlmişdi.  Beş 9-cü sinif vardı.  Məktəb üzrə hər sinifin divar qəzeti olurdu. Bizim sinfin “Bahar” adlı  divar qəzetini bu gün respublikanın tanınmış jurnalisti, yazıçısı, rejissoru, Əməkdar incəsənət xadimi siz  Ağalar İdrisoğlu ilə  mən ikimiz buraxırdıq. Məktəbdə təhsilə çox ciddi nəzarət vardı. Ona görə də hamı yaxşı oxumağa çalışırdı.  Məktəbin direktoru Şəfiqə müəllimə  Abdullayeva çox tələbkar idi. Yaxşı müəllimlərimiz  də çox idi. Unudulmaz müəllimlərimiz İsa, Arif, Rza, Mirnuf, Əlihüseyn, Nurulla və Adəm müəllimləri heç vaxt unutmuram. Bizim yolumuz uzaq olduğu üçün məktəbin internatında (yataqxanada) qalırdıq. Burada ərzaqla əlaqədar çox çətinliklərimiz olurdu. Buna baxmayaraq yaxşı oxuyurduq.  

1967 - ci ildə həmin məktəbin 10 - cu sinifini  bitirdim. Sənədlərimi Xalq Təsərrüfatı İnstitutuna verdim və “Uçot iqtisadiyyat” - fakultəsinə qəbul oldum. Onu da qeyd edim ki, həmin vaxtı Masallı Nəriman Nərimanov adına 2 nömrəli orta məktəbi bitirən şagirdlərin 90 faizi ali və orta ixtisas məktəblərinə qəbul oldular. Tələbəçilik illərində İnstitutun içtimai işlərində aktiv iştirak etmişəm. Fakültənin “İqtisadçı” divar qəzetinin redaktoru olmuşam. Eyni zamanda institut üzrə yeganə “CANCAQ” satirik divar qəzetini mənim iştirakımla  çıxarırdıq. İki il İnstitutun 2 nömrəli  tələbə yataqxanasının tələbə şurasının sədri olmuşam. O vaxtı Bakıda tələbə yataqxanaları arasında keçirilən yoxlamaların nəticələrinə görə mənə qızıl saat mükafatı verildi.  Aktiv tələbə olduğum üçün məni hər yay tətilində İnstitutun Quba rayonu Nügədi kəndindəki İdman düşərgəsinə bir aylıq istirahətə göndərirdilər. Orada olduğum illər də əbədilik yaddaşımdadır…

Mənim bu gün ali məktəbdə təhsil alan cavanlara ağsaqqal kimi belə bir məsləhətim var. Bu məsləhəti həmişə uşaqlarıma da ali təhsil alanda dönə-dönə demişəm: “ Həyatda çalışın ki, başqalarının ssenarilərilə, məsləhətləri ilə  yaşamayın. Həyatınızın ssenarisini özünüz yazın. Onda həyat və yaşamaq, məqsədlərə çatmaq daha gözəl, daha  asan olur”.

-İlk əmək fəaliyyətiniz  hansı  təsərrüfatda başlayıb? Orada gördüyünüz  maraqlı işlər haqqında oxuculara məlumat verə bilərsinizmi?

- Əlbəttə, Mən 1972 ci ildə İstitutu bitirib  “İqtisadçı” ixtisasına yiyələndim. Məni təyinatla Astara rayonu Meşə Təsərrüfatı İdarəsinə baş mühasib vəzifəsinə göndərdilər. Qısa müddətdə yeni işimə öyrəşdim.  Hətta az bir vaxtda idarənin III-rübünün hesabatını hazılayıb Meşə Təsərrüfat Nazirliyinə təqdim etdim. 1972 - ci ilin noyabr ayında mənə Astara rayon Hərbi Komissarlığından “povestka” gəldi. Noyabrın 7 də hərbi xidmətə getdim. Qazaxıstanın Taldı Kurqan vilayətində olduq. Hərbi xidmətim çox maraqlı keçdi. Yazı-pozu işlərini, şəkil çəkməyi yaxşı bildiyim üçün məndən yalnız belə  işlərdə istifadə edirdilər. Günüm “Lenkomnata”  adlanan otaqda keçirdi. 1973- cü ilin 7 noyabrda məni hərbi xidmətdən tərxis etdilər. 1974-cü ilin aprel ayında məni Masallı rayonu Yeyənkənd kəndindəki “Odessa” sovxozuna baş iqtisadçı vəzifəsinə işə götürdülər. Odessa sovxozu rayonda ən kiçik sovxolardan biri idi. Ona görə də çətiliyim olmurdu. Sovxozda 4 tərəvəzçilik, 1 yemçilik və 1 heyvandarlıq briqadası vardı.  Həmişə düşünürdüm  necə etmək olar ki, işçilər daha yüksək əmək haqqı alsınlar.  Briqada mühasiblərindən biri mənə dedi ki, briqadalarda 18- 20 adam işləyir 30 adama əmək haqqı yazırlar. İşləməyənlərə əmək haqqı yazmağı dayandıraq.  3-4 həftə briqadalarda işə davamiyyəti yoxlayıb artıq adamları müəyyən edib 80 faizini işdən azad etdirdik. Qalan 20 faiz briqadalarda əlavə xərcləri ödəmək üçün saxlanıldı. 1976-cı ilin əvvəlində rayonda ilin  yekunlarına görə  kənd təsərrüfat müşavirəsi keçirilirdi. İllik hesabatı məruzə edən  raykomun  birinci katibi Ələddin Həsənov idi. O hesabatda belə bir ifadə işlətdi: “ Hesabat ilində “Odessa”  sovxozunda bir fəhləyə düşən əmək haqqı digər sovxozdakılardan çox yüksəkdir. Bu necə olur. Sovxozun iqtisadçısını qəbuluma dəvət edin”.  İki gündən sonra birinci katib məni qəbul etdi. Mən hər şeyi ona izah etdim. O, məndən razılıq edərək belə sual verdi: “Digər sovxozlarda fəhlələrin əmək haqılarını necə qaldırmaq olar?” Həmin vaxtı sovxoz fəhlələrinə əmək haqqı  işəmuzd qaydada normativ əsasında hesablanıb verilirdi. Mən  dedim ki,  “rayon ərazisində tətbiq olunan normativləri yerli şəraitə uyğun yenidən hazırlayıb tətbiq etmək olar. Bunun üçün Kənd Təsərrüfat Nazirliyinin əmək haqqı şöbəsinin mütəxəssislərinin cəlb edilməsi lazımdır”. Həmin vaxtı  Ələddin Həsənov Nazirlyə zəng edərək lazım olan mütəxəssisləri rayona gətizdirdi. Rayonun sovxozlarında xronometraj yolu ilə bir neçə normativlərdə dəyişiklik edildi. Bu da nəticə etibarı ilə fəhlələrin əmək haqqılarının orta hesabla 25 faiz artımına səbəb oldu.

Bundan sonra rayon rəhbəri məni partiyaya keçirtdi. Sonra isə məni Rayon Kənd Təsərrüfatı idarəsinə işə götürdülər. 1996-cı ilə qədər bu idarədə şöbə müdiri, şöbə rəsi, rəisin müavini və idarə rəisi vəzifələrində işlədim. Bu illərdə də rayonun kolxoz və sovxozlarında çalışan işçilərin maddi rifah halının,  əmək haqqının artırılması üçün mütərəqqi metodların tətbiqinə çalışmışam.

1992-ci ildə məni Respublika Kənd Təsərrufat Nazirliyində yaradlmış iqtisadi komissiyaya üzv qəbul etdilər. Respublika üzrə 12 nəfər komissiya üzvü idik.  İşimiz  müstəqil Azərbaycan Dövlətinin kənd təsərrüfatına aid olan qanunların hazırlanaraq,  təsdiq olunmaq üçün Milli Məclisin iqtisadi komissiyasına təqdim etmək idi.  Biz komissiya üzvləri məhz  bu qanunların hazırlanmasında iştirak etmişik: “Aqrar islahat haqqında AR Qanunu”, “Sovxoz və Kolxozların islahatı Haqqında AR Qanunu”, “Torpaq icarəsi haqqında AR Qanunu”  və  “Sovxoz və kolxoz əmlakının əmlak payçıları arasında bölüşdürülməsi” qaydaları. 

Mən 1996-cı ilin oktyabr ayında Masallı Rayon İcra Hakimiyyətində  Aqrar şöbədə işə qəbul olundum  Həmin dövrdə sovxozlar,  kolxozlar ləğv edilərək “Yerli Aqrar İslahat Komissiyaları” yaradılmışd. Torpaqlar fermer təsərrüfatları yaratmaq yolu ilə əhali qruplarına verilirdi.  Mən burada bir səmimi fikir deyim. Həmin vaxtı torpaqlar verilərkən səhvlərə yol verilirdi. Verilən torpaqların keyfiyyət qrupu və torpaq norması nəzərə alınmırdı. Torpaq norması müəyyənləşdirilməmişdi. O vaxtı buraxılan səhvlər bəzi yerlərdə indi də problem və narazılıqlar yaradır.

Kənd Təsərrüfat Nazirliyinin İqtisadi komissiyasında öyrəndiklərim bu vaxt  çox karıma gəldi.  Sovxoz və Kolxozlarda əmlakların qiymətləndirilərək payçılara verilməsi üçün lazım olan bütün işləri  Masallı rayon İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsi ilə (şöbə müdiri İsa Nuriyev idi) birlikdə hazırladıq.  Bütün təsərrüfatlar üzrə ayrıca hesablamalar apararaq.  hər min manat əmək haqqına düşən əmlak payını müəyyənləşdirdik.  Təsərrüfatlarda işləmiş bütün işçilərin əmək haqqıları toplanaraq kitablara işlənildi. Texnikalar, tikili və binalar təsərrüfatda mövcud olan bütün əmlaklar yenidən qiymətləndirilib köhnəlmə məbləğ çıxıldıqdan sonra payçılara natura və dəyər ifadəsində verilməyə hazırlandı. 

Rayon İcra Hakimiyyətinin İslahat Komissiyasının qərarı ilə bütün təsərrüfatlar üzrə möcüd əmlaklar əmlak payçılarına qazandıqları əmək haqqına uyğun olaraq paylanmağa başlanıldı. Bu işlərdə  də aktiv iştirak etmişəm.

-Həmin vaxtı torpaqlar camaata verildi, amma adamlar bu torpaqdan necə istifadə etməyi bilmirdilər. O vaxtı onlarla bağlı hansı işlər görüldü?

-Bəli düz deyirsən. O vaxtı rayonlarda Kənd Təsərrüfat idarələri ləğv edilmişdi. Regional idarələr fəaliyyət göstərirdi. Ona görə də yerlərdə torpaq mülkiyyətçilərinə məsləhət və müvafiq informasiyalarin verilməsi çətinləşmişdi.

Həmin vaxtı Masallı rayonunda Dünya bankının maliyyələşdirdiyi “Masallı Regional Məsləhət Mərkəzi” fəaliyyətə başladı. Bu təşkilata qəbul müsabiqə yolu ilə aparılırdı. Mən  Masallı rayon İcra Hakimyyətindən öz xahişimlə işdən azad olub bu təşkilata sənədlərimi təqdim etdim. Bu təşkilat Masallı rayonu mərkəz olmaqla Astara, Lənkəran, Lerik, Yardımlı və Cəlilabad rayonlarını özündə birləşdirirdi. Müsabiqədə iştirak etmək üçün region üzrə 120 nəfər sənəd vermişdi. Qəbul norması isə 30 nəfər idi.  Bir ay bizə dərs keçdilər. Sonra isə imtahan verdik və 30 nəfər işə qəbul oldu. Mən yükək bal toplayaraq təşkilatda “Aqrar məsləhətçi” işinə qəbul oldum.  Masallı rayonuna 7 işçi ayrılmışdı. Xidməti vəzifəmiz hər məsləhətçiyə təhkim edilmiş kəndlərdəki torpaq mülkiyyətçilərinə yüksək və keyfiyyətli  məhsul istehsal etmək üçün inkişaf etmiş dövlətlərin təcürbəsini praktiki yolla mənimsətmək idi. Səkkiz il bu sahədə torpaq mülkiyyətçilərinə heyvandarlıq və bitkiçilik sahəsində məşğul olanlara  məsləhət və lazımi informasiyalar verdik.  Nəticə göz qabağında idi. Heyvandarlıq və bitkiçilik üzrə yüksək məhsuldarlıq əldə edilirdi. Xüsusilə kartofçuluqda və cavan mal-qara kökəlməsi üzrə rekord nəticələr əldə edildi. Təvazökarlıqdan uzaq olsa da  deyim ki, bu işdə mənim xidmətlərim çox olub.

-Sonra siz  bu işi dayandırıb, 1999-cu ildə  yaraılan  Bələdiyyəyə üzv seçilmək üçün namizədliyinizi  verdiniz. Özü də 2009-cu ildə. Yəni bələdiyyələr birləşən vaxtı. Və  seçki yolu ilə bələdiyyəyə seçildiniz. Axı əvvəlki iş yerində işləriniz  yaxşı gedirdi. Bəs niyə bələdiyyə sisteminə gəldiniz?

-Bu yeni yaranan qurum məni çox cəlb elədi və fikirləşdim ki, bu sahədə Masallıya daha çox xeyir verə bilərəm. Beləliklə, 2009-cu ildə Masallı rayonu üzrə 106 bələdiyyə birləşərək 36 bələdiyyə yarandı. Mən də fikirləşdim ki, cəmi 36 bələdiyyə  olacaq və  burada daha çox işlər görmək mümkündür. Ona görə də bələdiyyə seçkilərinə namizədliyimi verdim və üzv seçildim. Məni 2010-cu ildə Güllütəpə bələdiyyəsinə sədr seçdilər. Fikirləşdim ki, bir vaxtlar atamın başladığı işi daha yaxşı və uğurla davam etdirə bilərəm. Həmin vaxtı pessimist olsa da belə sözlər yazmışdım:  “ Ata. Sənsiz darıxıram və sonsuz bir istəklə gözləyirəm ki, bəlkə bir gün gələcəksən və sənin başladığın işləri mən necə davam etdirdiyimi görəcəksən. Mənə məsləhətlər verəcəksən ki, necə uğurlu işlər görüm.” Beləliklə, atamın işlərini davam etdirmək üçün yaşadığım ərazidə abadlıq- quruculuq  işləri görmək üçün əlimə yaxşı fürsət düşmüşdü.  İlk işim ərazidə təmizlik yaratmaq, məişət tullantılarını küçələrdən yığışdırmaq və kəndləri təmiz saxlamaq üçün müvafiq tədbirlər görmək oldu. Məktəb yaşlı uşaqlardan tutmuş bütün əhali qrupları ilə görüşlərim olurdu. Ərazidəki təmizlik işlərinə xeyli nail olduq. 

2011- ci ildə daha çox işlər gördük. Bir çox işlərin bünövrəsi qoyuldu. Güllütəpə kəndi ilə Əmirtürbə kənləri arasındakı çayın üstündəki körpü yararsız vəziyyətə düşmüşdü.  Sel-su körpünü dağıtmışdı. Bu barədə rayonun rəhbəri hörmətli Qəzənfər Ağayevə müraciət etdik. Rəhbərlik Nəqliyyat Nazirliyinə məktub köndərdi. 2011-ci ilin aprel ayında Azəryolun körpütikənləri 10 gün ərzində müasir səviyyəli körpü tikib istifadəyə verdilər.  

Hörmətli prezidentimiz cənab İlham Əliyevin ölkənin ən ucqar kəndlərinə olan qayğısı nəticəsində 2012-ci ildə rayonun rəhbəri Qəzənfər  Ağayevin köməkliyi ilə Köhnə Alvadı-Güllütəpə  kəndləri arasında asvalt yol çəkildi.  Kəndarası yollarda  Bələdiyyə tərəfindən cari təmir işləri aparıldı. Eyni zamanda Tatyanoba kəndindən Yolağac kəndinə gedən yolun 4 km hissəsini  əsaslı təmir etdik.

2013-cü ildə  “Azərbaycan Kənd İnvestisiya Layihəsi”  Cənub bölgəsində fəaliyyətə başladı. Təşkilatın ilk işi Güllütəpə kəndində icma yaradaraq kəndin 5 kilometr  məhəllədaxili  yollarını  onların köməkliyi ilə  əsaslı təmir etdik. Sonra Tatyanoba,  Əmirtürbə, Yeni Zuvand və Yolağac kəndlərinin daxili yolları əsaslı təmir edildi.  Sonra da Kənd İnvestisiya layihəsinin gücü ilə Güllütəpə, Əmirtürbə və Yeni Zuvand kənd qəbrəstanlığlarının ətrafı müasir üsulla çəpər edildi. 

“Azərbaycan Kənd İnvestisiya Layihəsi” tərəfindən ilk “Klaster” layihə icra edildi. Bu o deməkdir ki, Güllütəpə-Tatyanoba-Yolağac kəndləri arasındakı  8 kilometrlik yol əsaslı təmir edildi.

Güllütəpə kəndində demək olar ki,  həkim məntəqəsi binası yox idi. Mən həmin vaxtı  əslən İmişlidən olan ingilis dili müəllimi Füzuli Abıyevlə tanış oldum .  Onun vasitəsi ilə Yaponiyanın Azərbaycandakı  Səfirliyi ilə uzun müddətli danışıqlardan sonra Yapon Dövləti Güllütəpə kəndində həkim məntəqəst tikilməsinə  razılıq verdi.  192 kvm ölçüdə 5 otaqlı hər cür şəraiti olan həkim məntəqəsi tikilərək əhalinin istifadəsinə verildi.

2025-ci ildə bizim bələdiyyə ilə Köhnə Alvadı bələdiyyəsi birləşdirilib. Mən indu burada sədr müaviniyəm. Sədrimiz də çox təcrübəli insan İnqilab Mirzəyevdır. Çalışırıq ki, burada çox işlər görək və insanlarımız bizdən razı qalsın. Axı dünyanın ən aparıcı ölklərində ölkəni idarə edən bələdiyyədir. Bəs bizdə niyə belə olmasın?  Biz də inanırıq ki, bələdiyyə sistemində dəyişikliklər olacaq və biz camaatımız üçün daha böyük işlər götəcəyik. Məşhur Franslz yazıçısı Andre Moruanın belə bir maraqlı kəlamı var: “Qocalıq özünün incə təcrübəsini unutmur və xeyirxah məsləhətlər verməyi sevir. Çünki qocalıq ömrün elə müdrik çağı, pik nöqtəsidir ki, artıq axmaq nümunələr göstərməyi bacarmır”. Beləliklə, mən də ömrümün bu mükrik, ahıl vaxtında həmin bölgə camaatı üçün əlimdən gələni etdim.

-Siz  həm də Masallı rayon Ağsaqqallar Şurasının  aparıcı  üzvlərindən birisiniz. Belə ki, rayonun sayılıb-seçilən ağsaqqallarından sayılırsınız. Burada hansı işlər görürsünüz?

-  Bəli. Mən 2010-cü ildən Masallı rayon Ağsaqqallar Şurasının üzvüyəm. Həm də bizim bölgədə Ağsaqqallar Şurasının səlahiyyətli nümayəndəsiyəm. Bu ad altında  daha məsuliyyətli işlər görmək iqtidarındayam.  Ərazidə az yaşlı gənclərin vaxtsız nigaha girməsi,  lüzumsuz boşanmaların qarşısının alınması, yas mərasimlərində israfçılığa yol verilməsi, yaşadığımız ərazinin təmiz saxlanılması əsas məqsədimiz olib. Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf müllim Niftiyevin xüsusi göstərişlərinə əsasən RAŞ-nın Nizamnamə şərtləri əsasında hazırlanmış tədbirlər planına üyğun yerdəki işləri uğurla  həyata keçiririk. Belə  ki,  boşanmaların sayı minimuma enib, az yaşlıların nigaha girməsi qeydə alınmayıb,  yas mərasimləri də tədricən qaydaya  düşməkdədir. Bundan başqa ağsaqqal kimi ən vacib işlərimizdən biri də ətraf mühitin və torpaq örtüyünün mühafizə olunmasnı və   onun qorunmasının təşkil ediməsidir. Bu barədə əhali qrupları arasında daimi maariləndirmə işləri aparılır. 

-Masallı əsasən kənd təsərrüfatı rayonudur. Burada kənd təsərrüfatını daha yaxşı inkişaf etdirmək və işsizlik problemini aradan qaldırmaq üçün əsasən hansı işlər görülməlidir?

-Son vaxtlar Masallıya  cənab  Araz Süleyman oğlu Əhmədov  kimi bir ziyalı və yüksək təşkilatçı insan rəhbərlik edir. O, uzun illərdir ki, dövlətçilik, dövlət təhlükəsiziliyi sistemində çalışıb. Özü də yaxşı çalışıb. Qarabağ müharibəsi işçirakçısıdır. General mayor  rütbəsinə kimi yüksəlib. Masallıya rəhbərlik elədiyi gündən bu rayon üçün əlindən gələni edir. Onu da qeyd edim ki, Araz müəllim Masallıya gələndən rayonun kənd təsərrüfatında güclü inkişaf gedir. Bu rayonda təkcə kənd təsərrüfatını yox, həm də turizmi, sənayeni dirçəltməyə çalışır. Masallı həm də gözəl təbiəti olan bir məkandır. Deməli, burada turizmi yaxşı inkişaf etdirməklə bu rayona böyük maliyyə gəliri gətirmək olar. Eləcə də bu rayon Cənub bölgəsinin düz ortasında yerləşir. Qonşu rayonlarla da böyük əlaqə qurub, Masallıda daha böyük işlər görmək olar. Ən əsası isə  Masallı camaatı İcra Hakimyyəti başçısı  cənab  Araz Əhmədova çox inanır. Rəhbərə inam ən vacib məsələdir. Deyirlər ki, “səbr- bir ömürlük xəzinədir”. Araz müəllim də çox səbrli insandır. Deməli, o, tezliklə bu rayon üçün çox işlər görəcək.

- Hər bir insanın əsl arxa-dayağı yaxın qohumları, övladlarıdır. Xahiş edirəm ən yaxın qohumlarınız, övladlarınız  haqqında  oxuculara məlumat  verin.

- Bəli. Qohumlar, övladlar özü elə kiçik bir dövlət deməkdir. Hər şeyin- mehribançlığın, hörmətin, sevginin də başlanğıcı elə bu kiçik dövlətdən başlayır. İnsanlar bu kiçik dövlətdə mehribançılıq gördükdə, bu dövlətin başçısına, ağsaqqalına çox böyük hörmətlə yanaşırlar. Onun verdiyi məsləhətlərə həvəslə, sevgi ilə qulaq asırlar. Bu qanun da bizim ailədə bir vaxtlar atam tərəfindən qoyulub və bu gün də davam eləyir.

İki qardaşım var. Qardaşım Əlihüseyn kənddəki sovxozda Baş iqtisadçı, Sovxoz direktoru və uzun müddət bələdiyyə sədri olub.  O biri qardaşım Əlisəfa isə çox igüzar olub. İndi kənddə ticarətlə yanaşı xeyriyyəçiliklə də  məşğuldur.

 Bir səmimi fikiri də deyim ki, bu vaxta qədər gördüyüm işlərdən tam  razı qalmamışam. Amma həyatda  bir şeydən həmişə razı qalmışam. Bu da övlad tərbiyəsidir. Böyük oğlum Rüfət Bakı Dövlət Universitetininin riyaziyyat fakültəsini bitirib müəllimdir. O biri oğlum Ramiz Bakıda Texniki Universiteti bitirib. Hazırda  Masallı rayon İcra Hakimiyyətinin  Yeyənkənd İnzibati ərazisi üzrə  nümayəndə işləyir. Oğlum Sərraf Rusiyanın Sankt Peterburq şəhərində İqtisadiyyat Universitetini bitirib və orada işləyir.  Kiçik oğlum Əkbər kiçik biznes və fermer təsərrüfatı ilə məşğuldur.

Qızım evdar xanımdır və dörd övlad  böyüdüb.

Ümumilikdə,  mənim beş övladım, on iki nəvəm və altı nəticəm var. Dahi Nəsirəddin Tusinin belə bir kəlamı var: “Ata-ananın övlada məhəbbəti sövq-təbii, övladların ata-anaya  məhəbbəti isə şüurludur”. Buna şüurlu yanaşan övladlardan valideynlər həmişə razı  qalırlar.  Dahi Səməd Vurğun deyib ki: “ Dünya bir evdirsə, övlad işıqdır. Oğul arxadırsa, qız yaraşıqdır”. Təki hər bir valideynin övladları onlar  üçün  işıq, arxa və yaraşıq olsunlar. Ailə  adlı kiçik dövlətdə mehribançılıq yaxşı olanda, həmin insanların dövlətə də məhəbbəti çox olur. Bu insanlar Vətəni iman əsəri bilirlər.

Ağalar İDRİSOĞLU,
jurnalist, yazıçı, rejissor,
Əməkdar incəsənət xadimi



Seçilən
30
herbiand.az

1Mənbələr