Bu fikirləri politoloq Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, hakim "Yedinaya Rossiya" partiyasının siyahısında azərbaycanlı diaspor rəhbərinin namizədliyi, həmçinin Rusiyanın Azərbaycanla münasibətlərdə sabitlikdə və tərəfdaşlıqda maraqlı olması və soyuq olan münasibətləri yenidən istiləşdirməyə çalışması anlamına gəlir:
"Cənubi Qafqaz siyasətində balansı qorumağa çalışan Rusiya ola bilər ki, Ermənistanın qərbyönümlü siyasəti fonunda Azərbaycanla əlaqələri normallaşdırmağa səy göstərərək, bu adddımı atsın. Moskva, həmçinin bu addımla azərbaycanlılara qarşı zorakılıq və təqib hallarından sonra həmyerlimizin deputatlığa tövsiyə edilməsi ilə "Rusiyada yaşayan azərbaycanlıların hüquqları və nüfuzu qorunur" görüntüsünü yaratmağa çalışır. Əgər bu reallaşarsa, Azərbaycanla Rusiya arasında zədələnən etimad mühiti yenidən bərpa edilə bilər, həmçinin sarsılan əlaqələrin güclənməsinə təkan ola bilər. Asif Məmmədovun deputat mandatı alması Rusiyada Azərbaycan diasporunun ilk real institusional təmsilçiliyi kimi ölkələrimiz arasında yeni ünsiyyət kanalı yarada bilər. Bu addım, habelə Azərbaycan diasporunun statusu və nüfuzu üçün də yeni perspektivlər açacaq. Asif Məmmədovun deputat seçilməsi azərbaycanlıların Rusiyada dövlət qurumlarında təmsilçiliyinə, lobbi imkanlarının genişlənməsinə təkan verərək, presedent də yarada bilər. Lakin Rusiya bu addımında səmimidirsə, özü korladığı əlaqələri bərpa etmək üçün ciddi işlər görməlidir. Məsələn, Moskva Azərbaycan- Rusiya münasibətlərinin gərginləşdirməsinə səbəb olan AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı məsuliyyəti öz üzərinə götürməli, kompensasiya ödəməlidir. Bundan əlavə, Rusiyada etnik zəmində azərbaycanlıların təqibi dayandırılmalı, habelə Rusiyanın dövlət qurumları və siyasi şəxsləri ölkəmizə qarşı mənfi münasibətə son verməlidir".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31