AZ

“Azərbaycanda elektrikli avtobusların istehsalına start veriləcək” - SƏFİR

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda yeni dərc olunmuş tarixi materialları oxuyaraq 40 mindən çox azərbaycanlının Uzaq Şərq və Baykalətrafı cəbhələrdə Yaponiyanın Kvantun ordusuna qarşı döyüşlərdə fəal iştirak etdiyini öyrəndim”.

Hafta.az-ın yazdığına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Çinin ölkəmizdəki səfiri xanım Lu Mey deyib. Diplomat qeyd edib ki, onlar Çinin Harbin, Şenyanq və Çançun kimi mühüm şəhərləri uğrunda döyüşlərə əhəmiyyətli töhfə veriblər. Çin xalqı aqressiyaya qarşı apardığı mübarizədə Azərbaycan xalqının göstərdiyi dəstək və yardımı heç vaxt unutmayacaq.

Səfirin sözlərinə görə, beynəlxalq vəziyyətin gərginləşməsinə baxmayaraq, Çinlə Azərbaycan həmrəylik və əməkdaşlığı gücləndirməli, dünyaya daha çox sabitlik və müsbət enerji gətirməlidir.

Xanım səfir qeyd edib ki, Çin Azərbaycanla birgə səylər göstərməyə, iki dövlət başçısı tərəfindən əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsinə, tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığa töhfə verməyə və daha böyük nəticələr əldə etməyə hazırdır. Eləcə də, Pekin beynəlxalq ədalətin müdafiəsinə, dünyada sülh və inkişafa daha böyük Çin-Azərbaycan töhfəsi vermək niyyətindədir.

“Çin və Azərbaycan II Dünya müharibəsində də böyük qələbənin əldə olunması üçün danılmaz tarixi töhfələr veriblər. Hər iki ölkə multilateralizmin, beynəlxalq bərabərliyin və ədalətin müdafiəsində əsas qüvvədir”, - səfir Lu Mey bildirib.

İqtisadi əlaqələrdən söz açan xanım diplomat bildirib ki, yaxın vaxtlarda 100 meqavat gücündə Qobustan günəş elektrik stansiyasının tikintisinə rəsmən start veriləcək. Eləcə də, yaxın gələcəkdə Azərbaycanda elektrikli avtobusların istehsalına start veriləcək: “Azərbaycanda reallaşdırılan ən böyük külək enerjisi layihəsi olan 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyasının tikintisində Çin şirkəti də iştirak edir. Çinin sərmayə qoyduğu hərracdan sonra Azərbaycanda ilk bərpa olunan enerji layihəsi - 100 meqavat gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisinə yaxınlarda start veriləcək”.

Seçilən
99
hafta.az

1Mənbələr