Fransa Milli Assambleyanın Somme departamentindən olan deputatı Fransua Ruffen Prezident Emmanuel Makronun legitimliyinin yenidən yoxlanması üçün ölkədə prezident seçkilərinin vaxtından əvvəl keçirilməsini tələb edir.
Bu barədə o, sentyabrın 8-də "ICI Picardie" radiosuna müsahibəsində danışıb. Fransua Ruffen bildirib: “Ölkəmizdə hansı yeni istiqaməti götürəcəyimizə qərar vermək üçün altı ay vaxt ayrılmalıdır və bu müddətin sonunda, yəni, yaz aylarında yeni prezident seçkiləri keçirilməlidir”. O, Emmanuel Makronun bu seçkilərə yenidən qatılmasının mümkünlüyünü də istisna etmir. “Əgər Makron xalqın qarşısına çıxaraq öz legitimliyini sübut etmək istəyirsə, qoy çıxsın. Bu, ölkədə uzunmüddətli sabitliyin bərpası üçün yeganə yoldur”, - deyə F.Ruffen vurğulayıb.
O, Fransua Bayru hökumətinə etimad səsverməsində iştirak edəcəyini, lakin etimad səsi verməyəcəyini də açıq şəkildə bildirib: “Bu siyasi bir epizoddur. Bayru özü kreslosunu riskə atmağa qərar verdi. İndi geri addım atıb mərhəmət istəyə bilməz”.
Fransua Ruffen, həmçinin ölkədəki büdcə kəsiri və vergi siyasətini də sərt tənqid edib. Onun sözlərinə görə, Emmanuel Makron son beş il ərzində xüsusilə böyük sərvətə sahib olanlara və iri korporasiyalara vergi güzəştləri edib.
“Bu siyasət nəticəsində kasıb əhali daha çox vergi verir. Məsələn, kiçik qəssab “Amazon”dan daha çox vergi ödəyir. Bir milyarder isə öz katibindən az vergi verir”, - deyə Somme departamentinin deputatı qeyd edib.
O, İmtiyazlı Sərvətlərə Əlavə Verginin bərpasını, iri miraslara vergi və dividend gəlirlərinə xüsusi vergi tətbiqini tələb edir. Deputatın fikrincə, son 30 ildə sərvətləri 14 dəfə artan Fransa milyarderləri bu böhranın əsas yükünü daşımalıdır.
Ruffen daha çox solçu yönümlü bir hökumət qurulmasının vacibliyini vurğulayıb. “Bəli, solçu qüvvələr Milli Assambleyada çoxluğa sahib deyil. Amma keçənilki seçkilərdə birinci yeri tutduq. Bu böyük qələbə olmasa da, bir başlanğıcdır. Bu alternativ siyasət heç sınanmayıb. Gəlin sınayaq”, - deyən deputat solçuların hökumətə gəlməsindən danışıb.
“Bu ədalətsiz və səmərəsiz siyasət sona çatmalıdır. Makron öz siyasi blokuna deməlidir: “İcazə verin, başqa bir yol yoxlayaq”, - deyə o, Makrona çağırış edib.
Bu çağırış Fransada siyasi gərginliyin artdığı və Bayru hökumətinin taleyinin həlledici olduğu bir dönəmdə verilir. (AZƏRTAC)