BAKI, 8 sentyabr. TELEQRAF
Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində açıq iclasa yerli və xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları da qatılıblar.
Hakim Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə təqsirləndirilən Martin Ryanın ibtidai istintaq zamanı verdiyi ifadələrinin elanı başa çatıb .
Daha sonra o, həmin ifadələrə münasibət bildirərək Fransa səfirliyinin əməkdaşları ilə əlaqələri barədə deyib: "Mənim görüşlərim gizli olmayıb. Azad Məmmədli ilə bağlı da bunu deyə bilərəm ki, onun da gizli görüşləri olmayıb".
Daha sonra digər təqsirləndirilən Azad Məmmədlinin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilib. Onun sözlərinə görə, Avropa ölkələrinin bir çox şəhərlərində olub: "Bir çox getdiyim şəhərlərdə iş axtarmağa başladım. Moskvada hüquq şirkətində işə düzəldim. Bu işə qəbul olarkən məni təcrübəçi kimi götürdülər. Amma sonradan işim alınmadığı üçün Bakıya qayıtdım".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra fransız dilini öyrənmək üçün kurslar axtarıb və “28 May” metrostansiyasının yanında Z.M.-in rəhbərlik etdiyi kursa yazılıb: "Bir müddət sonra bulvarda Z.M.-lə rastlaşdım. Onun yanında Martin Ryan da var idi. Məni ona tələbəsi kimi təqdim etdi. Daha sonra birlikdə kafedə görüşdük. Biz orada Fransa da daxil olmaqla, bir sıra Avropa ölkələrində iş tapmaqla bağlı məsələləri müzakirə etdik".
Təqsirləndirilən şəxs deyib ki, 2021-ci ildə Martin Ryan onu evində təşkil etdiyi qonaqlığa dəvət edib: "Orada Fransa vətəndaşı Frederik Devos ilə məni tanış etdi. Həmin vaxt ona iş axtardığımı dedim. Bu söhbətdən sonra Frederik Devosla bir neçə dəfə görüşdük. Həmin vaxt mənə Rusiyanın postsovet ölkələri ilə mövqeyimi yazmağımı təklif etdi. Amma mən yazılı analitik fikirlərimi göndərməyə razı olmadım. Bildirdim ki, düşüncələrimi ancaq görüşəndə danışa bilərəm. Bundan başqa, məndən Rusiyanın postsovet ölkələri ilə bağlı mövqeyim ilə yanaşı, İran-Azərbaycan, Rusiya-Azərbaycan münasibətləri, Azərbaycanda olan İran casusları, həmçinin "Hüseynçilər"lə bağlı soruşub. Mən də sosial şəbəkələrdə bununla bağlı oxuduqlarımı ona danışdım. 2022-ci ildə Frederik Devos öz ölkəsinə getdi. Bundan sonra onunla əlaqə saxlamadım".
Azad Məmmədli daha sonra ifadəsində göstərib ki, Bakıda keçirilən tədbirlərin birində Fransa səfirliyinin əməkdaşı olan Loran Qrardla tanış olub: "O, mənə Fransa səfirliyinin tədbirlərində daim iştirak etdiyim üçün təşəkkür etdi. Daha sonra Loran Qrard mənə görüşməyi təklif etdi. 2022-ci ilin sonlarında onunla kafedə görüşdük. Həmin vaxt o, Rusiyanın geosiyasəti ilə bağlı fikirlərimi soruşdu. Mən də onunla bununla bağlı fikirlərimi bölüşdüm. Daha sonra sanitar qovşağına getmək adı ilə masadan qalxdım. Geri qayıdanda isə stolun üstünə qələm qoyulduğunu gördüm. Məndən qələmi götürməyimi, orada elektron poçt olduğunu, həmin elektron poçt vasitəsilə əlaqə saxlamağımı məsləhət bildi. Amma mən qələmi götürmədim. Bundan sonra məndən “Siqnal” tətbiqi vasitəsilə əlaqə qurmağı təklif etdi. Bundan sonra “Siqnal” tətbiqini telefonuma yüklədim. 2023-cü ildə bu tətbiq vasitəsilə əlaqə saxladıq. Sonrakı görüşlərdə Loran Qrard mənə Avropa ölkələrini əhatə edən turistik kitab hədiyyə etdi. Mən də qəbul etdim. Məndən kitabın arasında balaca zərf olduğunu, zərfdə elektron poçt olduğunu dedi. Mənə həmin elektron poçt vasitəsilə əlaqə saxlamağı məsləhət bildi".
Daha sonra hakim deyib ki təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin həcmi böyükdür, həmin ifadənin elanını bir iclasda yekunlaşdırmaq mümkün deyil. Hakim növbəti iclasda Azad Məmmədlinin istintaqa verdiyi ifadəsinin davamının elan olunacağını deyib.
Növbəti proses oktyabrın 1-də davam edəcək.
İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.