AZ

Türkiyənin yeni “Togg” elektromobilinə sifarişlərin qəbulu başlayır

Ankara, 8 sentyabr, AZƏRTAC

Türkiyənin yeni “Togg - T10F” elektrik avtomobilinin ilkin sifarişlərinin qəbulu sentyabrın 15-də, Almaniyada isə sentyabrın 29-da başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə “TOGG” idarə heyətinin sədri Fuat Tosyalı məlumat verib. O bildirib ki, Avropa istehlakçıları “Togg”un bir sıra modelləri ilə sentyabrın 9-da Münxendə açılacaq “IAA Mobility 2025” Beynəlxalq Avtomobil Sənayesi Sərgisi çərçivəsində tanış ola biləcəklər.

Onun sözlərinə görə, Türkiyə istehsalı elektromobillər Almaniyadan sonra digər Avropa ölkələrində də satışa çıxarılacaq. “Biz “Togg”un Avropada ən populyar elektromobillər sırasına daxil olması üçün əlimizdən gələni edəcəyik”, – deyə Tosyalı bildirib və “Togg” modellərinin ən sərt təhlükəsizlik tələblərinə cavab verdiyini vurğulayıb.

O, “T10F” modelinin dörd modifikasiyada hazırlanacağını, bunun isə ən geniş avtomobilsevər auditoriyasının gözləntilərini qarşılamağa imkan verəcəyini qeyd edib.

“T10F” elektromobili yeddi hava yastığı ilə təchiz olunub, batareyanın 20 faizdən 80 faizə qədər doldurulması yarım saatdan az vaxt aparır. Ayrı-ayrı modifikasiyalarda birdəfəlik enerji yığımı ilə yürüş məsafəsi 623 kilometrə çatır”, – deyə “TOGG” idarə heyətinin sədri bildirib. O əlavə edib ki, Türkiyə istehsalı olan elektromobillər müasir elektrik avtomobilinin bütün üstünlüklərinə malikdir.

Avtomobillərin qiymətləri ilkin sifarişlərin qəbuluna başlandığı gün açıqlanacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Seçilən
7
4
azertag.az

5Mənbələr