Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Abşeronun təbii zənginliklərini və xüsusilə Qala bölgəsinin əncirçilik ənənələrini təbliğ etməyi hədəfləyən festival yerli sakinlərin, fermerlərin, turistlərin böyük marağına səbəb olub. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Əncir Festivalı” keçirilib.
XQ KTN istinadən xəbər verir ki, festivalın rəsmi açılış hissəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış ediblər.
Çıxışı zamanı Rüfət Mahmud tədbir iştirakçılarını salamlayaraq, festivalın milli dəyərlərin təbliği baxımından önəmini vurğulayıb. O, əncirin xalqımızın qida mədəniyyətində və sağlam həyat tərzində mühüm yer tutduğunu, festivalın isə həm milli sərvətlərimizin tanıdılması, həm də ölkəmizin turizm potensialının artırılması baxımından əhəmiyyət daşıdığını qeyd edib.
Anar Cəfərov çıxışında məhsul festivallarının təşkilinin aqrar sahədə fəaliyyət göstərən tərəflər arasında bilik, təcrübə və resurs mübadiləsinə xidmət etdiyini vurğulayıb. O, qeyd edib ki, bu kimi festivallar fermerlərin dəstəklənməsi, yerli brendlərin tanıdılması işinə mühüm töhfə verir.
Festival çərçivəsində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən elmi-tədqiqat institutları – Meyvəçilik və Çayçılıq, Üzümçülük və Şərabçılıq, Əkinçilik, Baytarlıq, Heyvandarlıq, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutları öz fəaliyyət istiqamətləri üzrə təqdimatlar keçiriblər. İştirakçılara meyvəçilikdə innovativ yanaşmalar, üzümçülük və şərabçılıqda yeni texnologiyalar, ekoloji dayanıqlı əkinçilik üsulları, baytarlıq və heyvandarlıqda sağlamlıq xidmətləri, həmçinin bitki mühafizəsi sahəsində qabaqcıl həllər barədə məlumatlar təqdim olunub. Festivalda Aqrar Xidmətlər Agentliyinin nümayəndələri fermerlərə göstərilən xidmətlər – bitki sağlamlığı, toxumçuluq, laboratoriya xidmətləri, torpaq və su analizi, baytarlıq və fitosanitar xidmətlər barədə məlumat veriblər. Bununla yanaşı, festivalda tingçilik təsərrüfatları və bitki mühafizə şirkətləri öz məhsul və xidmətlərini sərgiləyiblər.
Festival çərçivəsində ziyarətçilər üçün zəngin proqram təqdim olunub. Qastronomiya zonasında “Nəlbəki üzərində əncir” adı altında kulinariya nümunələrinin nümayişi, qadın sağlamlığı və daxili qayğıya həsr olunmuş ustad dərsləri, uşaqlar üçün “Nənənin nağılları” zonası, meditativ incəsənət məkanı, “Müdriklik Ağacı” və “Əncir şənliyi ilə böyük ailə süfrəsi” qonaqlar tərəfindən maraqla qarşılanıb.
Festivalın sonunda “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində əncir tingləri əkilib. Festivalın əsas məqsədi əncirin qida və sağlamlıq baxımından dəyərinin təbliği, yerli istehsalçıların məhsullarının tanıdılması olub.
Müşfiq Mirzə XQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.