AZ

“İctimai Şuralarda maraqlar konflikti ictimai nəzarəti zəiflədə bilər” – Əliməmməd Nuriyev

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində yekun ictimai müzakirə keçirilib.

“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev çıxışında bəzi dövlət qurumları yanında fəaliyyət göstərən QHT-lərin həm həmin qurumlardan maliyyə dəstəyi almasını, həm də onların üzvü olmasını maraqlar konfliktinə gətirib çıxara biləcəyini vurğulayıb. O bildirib ki, bu vəziyyət ictimai nəzarətin effektivliyini zəiflədə, bəzi hallarda isə maraqların şəxsi və kommersiya yönümlü olmasına səbəb ola bilər:

“Faktiki olaraq bu nəzarət özü özünü nəzarətə çevirə bilər. Şura üzvləri həm qrant alır, həm də yaxın qohumlarının şirkətləri həmin dövlət qurumu ilə işləyir. Eyni zamanda onlar İctimai Şura üzvü olurlar. Bu, konkret maraqlar konfliktidir,” – deyə Ə.Nuriyev qeyd edib.

O, ictimai nəzarət mexanizminin səmərəli işləməsi üçün vətəndaşların fəal mövqeyinin vacib olduğunu, şuraların asılı fəaliyyət göstərməsinin isə həm etik, həm də sosioloji baxımdan vətəndaşın dövlətə olan güvənini zəiflədə biləcəyini diqqətə çatdırıb.

Ə.Nuriyev həmçinin təklif edib ki, ictimai şuralarla bağlı maraqlar konfilkti qaydalara salınmalı və maraqların konfliktinin qarşısı alınmalıdır.

Seçilən
70
qht.az

1Mənbələr