AZ

Depozit və kredit faizləri arasında fərq bir az da böyüdü...


Əkrəm Həsənov: “Depozit faizləri nisbətən aşağı saxlanılır, çünki əhalidə alternativ investisiya alətləri azdır”

Azərbaycanda milli valyutadakı kreditlərlə depozitlər arasındakı marja (faiz fərqi) ilin əvvəli ilə müqayisədə xeyli yüksəlib. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatlar göstərir ki, orta kredit və depozit faizləri arasındakı fərq ilin əvvəlindəki 5,91 faizdən iyul ayının sonuna 6.25 faiz bəndinə yüksəlib.

Qeyd edək ki, Mərkəzi Bankın sədri Taleh Kazımov da 23 aprel tarixində keçirilən mətbuat konfransında bu məsələyə toxunmuşdu və təsdiqləmişdi ki, kredit və depozitlər arasında faiz yüksəkdir. Onun sözlərinə görə, banklar daha ədalətli və uzunmüddətli inkişaf modelinə keçid etməli, “aşağı marja, böyük həcm” prinsipi ilə işləməyə uyğunlaşmalıdırlar: “Banklara deyirik ki, kreditləşməni davam etdirmək üçün öz marjalarınızdan istifadə etməlisiniz. Bu gün marjalarınız çox yüksəkdir. Banklar artıq böyük marja deyil, aşağı marja ilə böyük həcmlərdə işləmə mədəniyyətini formalaşdırmalıdır”.

Depozit və kredit faizləri arasında fərq niyə böyükdür? Başqa ölkələrdə bu fərq necədir?

“Azərbaycanda kredit risqi yüksəkdir, çünki həm sahibkarların, həm də sadə vətəndaşların ödəniş qabiliyyətində problemlər artır”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, məlum vəziyyətinin yaranmasının bir neçə səbəbi var: “Kredit faizinin yüksəlməsi ölkədə kredit risqinin artmasından xəbər verir. Bank fikirləşir ki, onun verdiyi kreditin qaytarılmama risqi var, bu səbəbdən də faizi artırır. Ümumiyyətlə, faiz kredit risqinin göstəricisi sayılır. Bank bununla özünü sığortalayır ki, gələcəkdə problem olarsa, artıq faizlər hesabına çətinlikləri həll etsin. Azərbaycanda kredit risqi yüksəkdir. Çünki həm sahibkarların, həm də sadə vətəndaşların ödəniş qabiliyyətində problemlər artır. Bununla yanaşı, ölkədə milli valyutanın devalvasiyası ehtimalı ajiotajı var. Vaxtaşırı bu fikir ortaya atılır və insanlar panikaya düşür. Banklar da yaranmış vəziyyətdən istifadə edib, kredit faizini artırır. Ümumiyyətlə, hər bir bankın depozit və kredit faizləri ilə bağlı ayrıca səbəbi olur. Onu da deyim ki, son zamanlar Mərkəzi Bank böyük bankların məcburi ehtiyat normasını artırıb. Məcburi ehtiyat norması bankların topladığı depozitlərin müəyyən hissəsini Mərkəzi Bankda saxlanma tələbidir. Bu da böyük bankları vadar edir ki, kredit faizlərini artırsın.

Depozit faizləri nisbətən aşağı saxlanılır, çünki əhalidə alternativ investisiya alətləri azdır. Əsasən həmin dəpozitlərdən formalaşan kredit faizləri isə risqlərin yüksək olması, problemli kreditlərin artması və bankların gəlirlilik tələbi ilə yüksəlir”.

Günel CƏLİLOVA

Seçilən
72
baki-xeber.com

1Mənbələr