Aynur Əliyeva: “Maşa və ayı” kimi cizgi filmində uşaqların tərbiyəsinə mənfi təsir edən nüanslar çoxdur”
Dünyanın ən məşhur cizgi qəhrəmanlarından olan, enerjisitükənməyən, dəcəl, yorulmazMaşa və onun şıltaqlıqlarından əzab çəkən Ayı haqqında eşitməyən, bilməyən yoxdur. Uşaqlar təkrar-təkrar, usanmadan dəfələrlə bu cizgi filminə baxırlar. Valideynlər arasında “Maşa və Ayı” cizgi filminin zərərli və ya tərbiyəvi olmağı haqqında dəfələrlə mübahisə yaranıb.
Qeyd etdiyimiz kimi, bu cizgi filmi dünyanın hər bir ölkəsində maraqla izlənilir. Ancaq bu günlərdə Ukrayna Ali Radasının söz azadlığı komitəsinin sədri Yaroslav Yurçişin “Maşa və Ayı” cizgi filmi ilə bağlı narahatlıq ifadə edib. O, bu cizgi filminin Ukrayna ərazisində qadağan edilməsi üçün SNBO və SBU adlı qurumlara müraciət ünvanlayıb. Deputatın fikrincə, film uşaqların şüuruna rus ideoloji elementlərini aşılamağa xidmət edir. O, samovar, balalayka ilə müşayiət olunan musiqilər və NKVD papağı səhnəsini buna misal göstərib. Yurçişin hesab edir ki, bu simvollar Rusiya mədəniyyəti və sovet hərbi irsinin təbliğinə xidmət edir.Deputatın təşəbbüsü isə cəmiyyətdə mübahisələr doğurub: bəziləri bunu təhlükəsizlik tədbiri, digərləri isə uşaqların sevimli filminin siyasiləşdirilməsi kimi qiymətləndirir.
Məlum cizgi filminə ölkəmizdə də maraq yüksəkdir. Azərbaycanda da uşaqlar arasında son dərəcə populyar olan Rusiya istehsalı "Maşa və Ayı" cizgi filmi bizdə də qadağan oluna bilərmi? Ümumiyyətlə, məlum animasiya doğrudanmı Rusiya ideologiyasını aşılayır?
“Bu tip filmlərin uşaqları zorakılığa təhrik etdiyi, onlarda dalaşqanlıq, üsyankarlıq xüsusiyyətlərini formalaşdırdığı müəyyən olunub”
Psixoloq Aynur Əliyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, düzgün seçilməyən animasiya filmləri azyaşlılara mənfi təsir edir: “Maşa və ayı” cizgi filmi ilə bağlı bir çox beynəlxalq təşkilatlar araşdırma aparıb. Bu tip filmlərin uşaqları zorakılığa təhrik etdiyi, onlarda dalaşqanlıq, üsyankarlıq xüsusiyyətlərini formalaşdırdlığı müəyyən olunub. Ümumiyyətlə, “Maşa və ayı” kimi cizgi filmində uşaqların tərbiyəsinə mənfi təsir edən nüanslar çoxdur. "Maşa və ayı”da Maşa nə qədər hiperaktiv və dəcəl olsa da, ayı onun bütün dəcəlliklərinə dözür. Bir çox uşaqlar Maşanın hərəkətlərini təqlid edir. Məlumdur ki, bu cizgi filmi Rusiya istehsalıdır və xarici dillərə də tərcümə edilib. Ukraynada “Maşa və ayı” cizgi filminin qadağan olunması təklif edilir, səbəb kimi Rusiya ideologiyasını yayması göstərilir. Məncə, bu qadağa tətbiq edilə bilməz. İndi bütün uşaqların əlində telefon, smartfon var. Uşaqlar əlindəki texnika ilə istədiyi cizgi filminə baxa bilər. Bu uşaq filmi daha çox dəcəl bir qızın istəklərinin gerçəkləşməsindən bəhs edir. Ancaq bu istəklər ifrata varır. Süjetdə ailə münasibətlərinin dəyərləri lağa qoyulur və qəti şəkildə yararsız tərəfdən göstərilir. Əsas personajlar - uşaqlar axmaq və gülünc görünən valideynləri ilə münaqişədə olurlar. Yenicə ətraf aləmlə tanışlığa başlayan uşaq cizgi filmlərindəki münasibəti həyatında da görmək istəyir. Bu da xoşagəlməz halların ortaya çıxmasına səbəb olur. Buna görə “Maşa və Ayı” cizgi filmini uşaqlar izlətməsə daha yaxşıdır”.
Günel CƏLİLOVA