Xəbər verdiyimiz kimi, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan yaxın günlərdə İrəvanda xüsusi nümayəndələrin görüş keçirəcəyini açıqlayıb. O qeyd edib ki, Ermənistan və Türkiyə arasında normallaşma prosesi 2022-ci ilin əvvəlində başlanıb:
"Dialoqun əsas, lakin hələ həyata keçirilməmiş nailiyyətlərindən biri 2022-ci il 1 iyul razılaşmasıdır. O zaman Vyanada tərəflər qısa müddət ərzində sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmağa razılaşmışdılar. Buna baxmayaraq, sərhəd hələ də bağlı qalır".
Bəs Türkiyə-Ermənistan sərhədi tezliklə açıla bilərmi?
Musavat.com bildirir ki, siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikrincə, iki dövlət arasında sərhədlər yaxın aylarda açıla bilər:
"Türkiyə-Ermənistan əlaqələrinin normallaşması istiqamətində addımlar atılır. Həmçinin Azərbaycanla Ermənistan arasında de-fakto sülh əldə edilib. Ermənistanda revanşist müxalifətin liderlərindən olan sabiq prezident Robert Köçəryanın Respublika Partiyası "erməni soyqırımının" inkarını cinayət hesab edən qanun layihəsini yenidən parlament gündəliyinə çıxarır. Məqsəd Nikol Paşinyanı seçki öncəsi qondarma soyqırımından imtina etməkdə günahlandırımaq və Türkiyəyənin maraqlarına xidmət etdiyi görüntüsü yaratmaqdır.
Ermənistan müxalifəti Rusiyanın dəstəyi ilə kifayət qədər çalışır ki, seçki öncəsi xaos yaratsın. Artıq Rusiya rəsmiləri öz açıqlamalarında erməni revanşistlərinin mövqeyinə uyğun danışır. Bu onu göstərir ki, Rusiya Azərbaycanla münasibətlərin inkişafında deyil, yenidən ermənilərin əli ilə ərazi iddialarını qaldırmaq siyasətinə malikdir".
Xalidə Gəray
Musavat.com