AZ

ABŞ 8 avqustdan sonra Türkiyəni Ermənistanla sərhəd açılımına təşviq edir?...


Azər Həsrət: “Qardaş Türkiyə elə də zəif dövlət deyil ki, Amerika Birlışmiş Ştatları onu nəyəsə məcbur edə bilsin”

Türkiyə-Ermənistan münasibətlərində daha bir mühüm mərhələ başlayır. APA Türkiyənin NTV televiziya kanalına istinadən xəbər verir ki, Türkiyə ilə Ermənistan ilk dəfə heyətlərarası görüş üçün bir araya gəlir.

Türkiyə-Ermənistan danışıqlarının bərpa olunması normalıdır. Bu öz yerində. Zəngəzur dəhlizinin (Tramp yolu) açılmasından əvvəl Ermənistana belə bir səfər təşkil olunur.

Belə bir təhlükə varmı ki, Zəngəzur dəhlizi açılmazdan əvvəl Ermənistan-Türkiyə sərhədindəki Əlican keçid məntəqəsində açılım olsun? Zəngəzur dəhlizindən əvvəl Türkiyə-Ermənistan sərhədlərinin açılması real ola bilərmi, belə bir perspektiv varmı? Bu baş verə bilərmi?

Əsası da bu ki, Türkiyə də, ABŞ da NATO-nun üzvüdür. Türkiyə bizə qardaş olsa da, amma siyasi olaraq onlar NATO-ya bağlıdırlar. Bu işin də başında Tramp durursa, ola bilərmi ki, Tramp Türkiyəyə - Ərdoğana Zəngəzur dəhlizi açılmazdan əvvəl Ermənistanla sərhədi açması üçün təsir göstərsin?

“Əgər Azərbaycan bu məsələdə...”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə “Əlbəttə, qardaş Türkiyə elə də zəif dövlət deyil ki, Amerika Birlışmiş Ştatları onu nəyəsə məcbur edə bilsin. Təbiidir ki, Amerikanın öz istəkləri ola bilər. Amma unutmamalıyıq ki, Türkiyə həmişə Azərbaycan dövlətinin maraqlarını nəzərə alıb və bundan sonra da alacaq”-deyə bildirdi.

A.Həsrət qeyd etdi ki, faktiki olaraq, Türkiyə həmişə bəyan edib ki, Azərbaycanla Ermənistanın münasibətləri normallaşmayana qədər bizim də Ermənistanla münasibətlərimiz normalaşmayacaq. “Əgər Azərbaycan bu məsələdə Türkiyəyə yaşıl işıq yandırsa qardaş ölkə o addımı atacaq, yox, Azərbaycan bundan narazıdırsa, əminəm ki, Türkiyə o narazılığı nəzərə alacaq. Onsuz da Tramp dəhlizi ilə bağlı avqustun 8-də ABŞ-da o sənəd imzalanandan sonra, xüsusən də Türkiyədə İrana bağlı bəzi qüvvələr təbliğat apardılar ki, Azərbaycan “mənafelərimizi satdı”, “Türkiyənin ziddinə addım atdı” və sair. Ondan bir müddət keçəndən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama yaydı ki, bütün baş verənlərdə Azərbaycan bizimlə məsləhətləşir, bütün baş verənlər bizim bilgimiz içindədir. Yəni görürsüzmü, ortalığı qarışdırmaq, suyu bulandırmaq istəyən qüvvələr boş durmur. Demək istədiyim odur ki, Azərbaycan Türkiyə ilə istənilən məsələni müzakirə etmədən addım atmır. Eləcə də qardaş Türkiyə Azərbaycanla müzakirə etmədən, Azərbaycanın maraqlarını nəzərə almadan hərəkət etmir. O baxımdan mən narahat deyiləm. Düşünmürəm ki, Türkiyə Azərbaycanla məsləhətləşmədən belə bir addım atmış olsun”-deyə A.Həsrət bildirdi.

İradə SARIYEVA

Seçilən
18
baki-xeber.com

1Mənbələr